Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Prezidentin Şuşa ilə bağlı çıxışı indiki nəsilin yaddaşından heç zaman silinməyəcək” – Aqil Məmmədov


“Xalqımız 30 illik məyusluq, məğlubiyyət girdabından qurtuldu. İndi Azərbaycan xalqı, Azərbaycan ordusu bütün dünya tərəfindən etiraf edilən qalib xalq, qalib ordudur. Bu xoşbəxtliyi xalqımıza yaşadan, ordumuzu müasir səviyyəyə çatdıran, dünyada ölkəmizin, xalqımızın başını uca edən cənab Prezidentimiz İlham Əliyevdir”.

Bu fikirləri Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Regiontv.info-ya söyləyib.

Millət vəkili bildirib ki, ölkə Prezidentinin Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müjdə verən müraciəti Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq: “Cənab Prezidentin bu tarixi çıxışı ona şahidlik edən indiki nəsil azərbaycanlıların yaddaşından heç zaman silinməyəcək. Prezident İlham Əliyev bu çıxışında bir dövlət başçısı, rəsmi şəxs olmaqdan daha çox qəlbi Vətən torpaqları üçün döyünən böyük azərbaycanlı, öz hisslərini səmimi ifadə edən bir insan kimi hafizələrə köçdü. Xüsusilə, Ümummilli liderimizin məzarını ziyarət edərək onun vəsiyyətini yerinə yetirdiyini deməsi İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqında hər zaman düşündüyünü və bu yöndə titanik fəaliyyət həyata keçirdiyini göstərir”.

A.Məmmədovun sözlərinə görə, cəbhədə qazandığımız tarixi uğurlar xalqımızda milli birliyi daha da möhkəmləndirdi, arxa cəbhənin ön cəbhəyə maddi, mənəvi, psixoloji dəstəyini mütəşəkkil qaydada nümayiş etdirdi: “Xalqımız qələbə sevincini ürəkdən yaşayır. Bu müddətdə dostlarımızı və düşmənlərimizi də real şəkildə tanımaq imkanımız oldu”.

Millət vəkili ümid edir ki, tezlikdə işğalda qalan torpaqlarımızın azad olunmasından sonra Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni intibah mərhələsinə qədəm qoyacaq, ölkəmiz bölgənin və dünyanın ən güclü ölkələri sırasında haqq etdiyi layiqli yeri tutacaq.
Facebook-da paylaş