Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"M.K.İ" Mərkəzi Kəşfiyyat İdarəsinin ən dəhşətli əməliyyatlarının təfərrüatı FOTO

MKİ-nin bəzi layihələri bu gün yalnız ABŞ-ın müttəfiqlərinin deyil, eyni zamanda ölkə vətəndaşlarının özlərinin də narahatlığına səbəb olur

1947-ci ildə təsis edilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ədalətdən gizlənən nasist cinayətkarlarını axtarmar və cəzalandırmağa hesablanmış təşkilat kimi yaradılıb. Lakin tədricən şantaj,  ələ alma və siyasi qətllərdən çəkinməyən adi casus şəbəkəsinə çevrildi. MKİ-nin bəzi layihələri bu gün yalnız ABŞ-ın müttəfiqlərinin deyil, eyni zamanda ölkə vətəndaşlarının özlərinin də narahatlığına səbəb olur. 
 
Qelenin təşkilatı
 

 
ABŞ İkinci Dünya müharibəsi öncəsi kommunistlərdən faşistlərlə mübarizə üçün istifadə edirdi. Müharibədən sonra isə əksinə, kommunistlərlə mübarizə üçün faşistlərin xidmətlərindən yararlanmağa başladı. Bu maraq dəyişikliyi ən heyrətləndirici əməkdaşlıq nümunələrinin yaranmasına gətirib çıxarırdı. MKİ-nin başlıca müttəfiqlərindən biri Qelenin təşkilatı almanlar tərəfindən Şərq cəbhəsində casus əməliyyatı üçün yaradılmışdı. Onun rəhbəri Reynhard Qelen Hitlerin uğursuzluğa düçar olacağını əvvəlcədən hiss edərək lazımi zamanda azadlıq müqabilində müttəfiqlərə satmaq üçün bəzi sənədləri gizlədib. Hər şeyin öhdəsindən gələ bildi: 1949-cu ildə Qelenin təşkilatı SSRİ-yə qarşı casusluq etmək üçün MKİ sıralarına birləşdi. Halbuki onun sıralarında ABŞ-lıların çox gözəl bildiyi kimi keçmiş SS üzvləri olub. 1956-cı ildə təşkilat bazasında Qərbi alman kəşfiyyatı yaradılıb.
 
Alman gəncliyi liqası 
 

 
ABŞ 1950-ci ildə digər nasist təşkilatı “Alman gəncləri liqası” ilə daha qəribə ittifaq bağladı. Onun sıralarında yalnız Hitleryugendin üzvləri deyil, eyni zamanda Nasional Sosialist Alman Fəhlə partiyasının daha təcrübəli nümayəndələri də yer alırdı. MKİ təşkilatdan SSRİ Almaniyanın qərbinə hücum etmək fikrinə düşəcəyi təqdirdə Sovet ordusu ilə mübarizə üçün partizan birləşməsi kimi istifadə etmək niyyətində idi. Liqa MKİ-dən pul və silah alırdı, lakin liqanın şəxsi hədəflərini əsas tutduğu məlum oldu. İctimaiyyət 1952-ci ildə “Alman gəncliyi liqası” üzvlərindən birinin həbsindən sonra təşkilatın “satqınlar” siyahısına malik olduğunu öyrəndi. Siyahıda liqa üzvlərinin aradan götürmək niyyətində olduqları müxalif siyasətçilər və sol fəallar yer alırdı. Ölkə şokla üzləşmişdi, MKİ səhvini etiraf etdi və “Alman gəncləri liqası” son nəticədə qadağan edildi.
 
Koreya müharibəsi
 

 
1950-53-cü illərdə baş verən Koreya müharibəsi zamanı MKİ orduya kommunistləri Koreyadan qovmağa və ya ən azından kommunizmin Koreyanın cənub rayonlarında yayılmasına yol verməməkdə kömək etməyə çalışırdı. Şimali Koreya və Çindən olan agentlərin ikili oyun apardığını bilməyən və ya buna əhəmiyyət verməyən MKİ “Sarmaşıqlar liqası” universitetlərinin gənc məzunları olan yeni agentləri yerli agentlərə partizan müharibəsi taktikasına öyrədilmələri və kəşfiyyat məlumatı əldə etmələri üçün Çin sərhədinə göndərmək üzrə bir sıra əməliyyat keçirib. Praktiki olaraq göndərilən bütün təlimatçılar dərhal ələ keçirilərək öldürülüb.
MKİ-nin Koreya müharibəsində sonuncu “parlaq” çıxışı 1953-cü ilin yayına təsadüf edib. Cənubi Koreyanın Yonq-Do adasında təlim keçən MKİ stajçıları dənizdə gəzinti gəmisi gördükdən sonra qısa zaman ərzində düşünərək yaxtaya atəş açmaq qərarına gəliblər. Yaxtanın elə həmin zaman gəmidə qonaqları qəbul edən Cənubi Koreya prezidenti Li Sın Mana məxsus olduğu məlum olub. Xoşbəxtlikdən heç kəs zərər çəkməyib, lakin Li Sın Man MKİ-yə ölkədən çıxması üçün 72 saat vaxt verib.
 
“Göy quş” layihəsi
 

 
MKİ praktiki olaraq yaradılmasından dərhal sonra insan iradəsi və şüuruna nəzarət sahəsində araşdırmalarla məşğul olub. MKİ əməkdaşları 1948-ci ildən etibarən ən azı 1950-ci illərin sonuna qədər “Göy quş” və digər oxşar proqramlar üçün insanlardan təcrübə məqsədilə istifadə edib. Təcrübələr sayəsində agentlərin sadiqliyinə zəmanət verilməsi və xarici casusları danışdırmağın mümkün olacağı düşünülürdü. Hədəf metamfetamin, heroin və LSD, o cümlədən MKİ-nin şəxsi narkotik ixtiraları da daxil olmaqla narkotiklərdən istifadə ilə dindirilmə texnikasının yaradılması idi. Bundan başqa hipnoz texnikası da sınaqdan keçirilirdi.Təcrübədən keçən ilk insanların arasında Almaniyadan MKİ-nin Panamadakı məxfi həbsxanasına göndərilən iki rus, ikili agenti olan və Yaponiyadakı məxfi həbsxanaya yerləşdirilən bir neçə koreyalı da olub. Bütün dünyada MKİ himayəsi altında yüzlərlə “elmi casusluq və əks-casusluq” proqramları fəaliyyət göstərirdi. Təcrübədə iştirak edənlərin heç də hamısının buna razılığı alınmırdı. Bəzi alimlər isə araşdırmanın MKİ tərəfindən maliyyələşdirildiyindən ümumiyyətlə xəbərdar deyildi. ABŞ həbsxanalarındakı 77 məhbusun bədəninə dəhşətli “MK-Ultra” layihəsi çərçivəsində 77 gün ərzində LSD inyeksiyaları yeridilib. MKİ əməkdaşı Frenk Olsenə də inyeksiya edilib, həm də razılığı olmadan, nəticədə pəncərədən atılaraq ölümcül dəyib. Şüura nəzarət proqramları rəsmi olaraq yalnız 1977-ci ildə bağlanıb, lakin bəzi iddialara əsasən, yalnız adlarını dəyişərək daha məxfi status alıblar. 
 
“Adam ələ salan” əməliyyatı
 

 
MKİ tez-tez SSRİ kəşfiyyatı tərəfindən ixtira edilən fəndlərdən istifadə edirdi. MKİ-nin mövcud olduğu ilk illərdə Avropa bürosu əməkdaşı Frenk Visner Avropa xəbər bürolarında çoxlu sayda Sovet agentinin işlədiyinə diqqət yetirib. MKİ 1950-ci illərin başlanğıcından etibarən avropalı jurnalistləri öz tərəfinə çəkməyə başladı (həm pul, həm də kommunistlərə qarşı qarşılıqlı nifrət zəminində). Agentlik bundan əlavə ABŞ-lı jurnalistləri ölkə hüdudlarından kənarda casus fəaliyyətinə cəlb etməyə başladı. MKİ-nin eks direktoru həm ABŞ-ın düşmənlərini qaralayan reportajların çəkilişi, həm də MKİ-ni sərfəli yöndə təqdim edən dərclərin hazırlanmasında ailə və sosial əlaqələrdən xüsusilə fəal istifadə edirdi. MKİ 1970-ci illərin əvvəllərindən etibarən artıq mətbuata daha az təzyiq göstərirdi. Lakin 1970-ci ilin oktyabrından Uotergeyt qalmaqalının yaradıcısı Karl Bernşteyn ABŞ-ın aparıcı KİV-inin MKİ ilə əlaqələri barədə məqalə dərc etdi. Mütəmadi olaraq MKİ-nin media sahəsinə marağının hələ də sönmədiyinə şahidlik edən jurnalist ifşaları ortaya çıxır.
 
"Ayaks" əməliyyatı
 

 
Britaniya 1950-ci illərin əvvəllərində İran liderlərinin britaniyalıların İran neftindən əldə etdiyi gəlirdən öz paylarını tələb edəcəklərindən ehtiyatlanmağa başladı. İranın baş naziri Məhəmməd Mosaddık britaniyalıların gizlicə onu devirməyə hazırlaşdıqlarından xəbər tutaraq bütün britaniyalı məmurları ölkədən qovdu. MKİ britaniyalı müttəfiqlərinin köməyinə gəldi. Rəsmi ABŞ-ın İranın qanuni yolla seçilmiş  baş naziri Mosaddıkın hökumətini dəstəkləməsi heç kəsi narahat etmirdi. Uinston Çörçil və xarici siyasət üzrə müşavirlərinin gözündə İranın baş naziri düşmən idi. 1953-cü ilin martında MKİ rəhbəri Allen Dalles “Ayaks” əməliyyatına start verdi. İrandakı MKİ agentləri müxalif qruplara pul verilməsinə məhdudiyyət qoymayaraq paralel surətdə güclü təbliğat kampaniyasını işə salaraq Mosaddıkı xəyanətdə, siyasi korrupsiyada və sövdələşmə qurmaqda ittiham ediblər. Nəticədə ölkədə çevriliş cəhdi baş verdi. İranın formal lideri şah Məhəmməd Reza Pəhləvi arxalarında MKİ-nin durduğu sövdələşmiş qüvvələri ilk zamanlar dəstəkləməkdən imtina edərək İraqa qaçıb. Bir müddət sonra MKİ İran KİV-indən istifadə edərək, ölkə hərbçilərinə külli miqdarda vəsait ödəyərək və peşəkar qiyamçılar tutaraq iranlıları çevriliş arxasında Mosaddıkın özünün durduğuna inandıra bildi. Bundan başqa ABŞ-lılar şah Pəhləvini İranın formal lideri edərək əməkdaşlıq etməyə razı salıblar. Lakin İran xalqı tez bir zamanda çevrilişin arxasında ABŞ-lıların durduğunu təyin etdi. Bəzi ekspertlərin iddiasına əsasən, məhz bu İranda islam inqilabının baş verməsi və 1979-cu ildə Pəhləvinin devrilməsinə gətirib çıxardı.
 
Konqo prezidentinin ölümü
 

 
Belçika Afrikada müstəmləkəsi olan çoxlu sayda Avropa ölkələrindən biri olub və Afrika ölkələrindəki milli zənginliklərdən payına düşəni əldə edib. Konqo Demokratik Respublikası 1960-cı ildə Afrikanın digər dövlətləri ilə bir arada müstəmləkə əsarətindən azad oldu. Bədbəxtlikdən Konqonun seçilmiş ilk prezidenti Patris Lumubanın müstəmləkəçiliyə son qoymaq cəhdləri  “soyuq müharibə” dönəminə təsadüf etdi. Lumumba onun devrilməsinə nail olan silahlı qrupları dəstəkləyən Belçika qoşunlarını ölkədən çıxarmaq üçün BMT-dən kömək istədi. Lakin ABŞ təsiri altında olan BMT onun xahişinə cavab vermədi. Belə olan halda Lumumba SSRİ-yə üz tutdu. SSRİ isə öz növbəsində qoşun və təlimatçıları kömək olaraq yolladı. Sovet İttifaqı işə cəlb edilən kimi ABŞ prezidenti Duayt Eyzenhauer ən yaxşı çıxışın Konqo başında duran kommunist sazişçini aradan qaldırmaq olduğuna qərar verdi. Prezidentin köməyinə MKİ kimyaçısı Sidni Qotlib gəldi. Zəhər hazırlama sənətinə yaxşı bələd olan Qotlib zəhər və şprislərin yer aldığı çamadanla Konqoya uçaraq 1960-cı il sentyabrın 10-da MKİ-nin Konqodakı ən nüfuzlu agenti Larri Devlinə verib. Devlin zəhəri Lumumbanın qidasına, içəcəyi mayelərə və ya diş məcununa qatmaq əmri alıb. Lakin əmri icra etməkdən imtina edərək zəhəri basdırıb. Buna baxmayaraq MKİ üsyançıların liderlərindən biri Yozef Mobutuya pul ödəyərək çətinliyi aradan qaldırıb. Üsyançıların lideri Lumumbunu əsir götürərək düşmənlərinə təhvil verib. Nəticədə Konqonun ilk qanuni seçilmiş lideri güllələnib. Sonrakı bir neçə il ərzində ABŞ-lılar Mobutuya Konqo üzərində nəzarəti ələ keçirməyə yardımçı oldular. Nəticədə ölkənin adını dəyişdirərək Zair edən Konqonun qəddar diktatoru Mobutu Sese Seko bütün “soyuq müharibə” ərzində ABŞ-ın Afrikada ən sadiq müttəfiqlərindən biri olaraq qaldı.
 
Kuba
 

 
1959-cu ildə Fidel Kastronun rəhbərliyi altında komandosun Kuba prezidenti Fulhensio Batistanı devirdikləri zaman ABŞ-da “soyuq müharibə” tərəfdarları dəhşətə gəlmişdi. Batistanın bir neçə il əvvəl özünü diktator elan etməsinə baxmayaraq ABŞ-ın müttəfiqi və ada iqtisadiyyatına fəal yatırımlar edən Birləşmiş Ştatlar biznesinin dostu olaraq qalırdı. ABŞ prezidenti Duayt Eyzenhauer 1960-cı ilin əvvəlində bilavasitə MKİ tərəfindən Kubaya müdaxilə planının hazırlanmasına rəhbərlik edib, prezident vəzifəsinə seçilən Con Kennedi sələfinin işini davam etdirib. ABŞ aviasiyanın dəstəyi ilə elit döyüş bölmələri vasitəsilə yerüstü hücum planlaşdırırdı. Qvatemaladakı MKİ düşərgəsində Kubadan qaçan Batista tərəfdarlarına Xose Miro Kardonanın rəhbərliyi altında təlim keçilirdi. Xose Miroya Kastro devrildikdən sonra Kuba lideri olacağına dair söz verilmişdi.
 
MKİ üçün təəssüfedici olsa da, planın ilk mərhələsi kimi Nikaraqua təyyarələri vasitəsilə Kuba ərazisinin bombardman edilməsi rüsvayçı uğursuzluqla nəticələndi. ABŞ-ın planlarından xəbərdar olan Kastro buna hazır idi. 1961-ci il aprelin 17-də 2506 briqadasının 1400 əsgəri körfəz sahilindəki səhralıq əraziyə çıxmağa cəhd edərkən kubalılar artıq onları gözləyirdilər. İki gün ərzində Kuba qoşunları 100 əsgəri öldürdülər, qalan 1200 nəfər təslim oldu. Tədricən Kuba uşaq qidası və dərmanlar müqabilində bütün əsirləri ABŞ-a geri qaytardı. Lakin bu uğursuzluq belə MKİ-ni Kubadakı vəziyyəti dəyişmək üçün göstərilən cəhdlərdən çəkindirmədi.
 
"Manqust" əməliyyatı
 

 
Fidel Kastro körfəzdə ABŞ-lıları məğlub etdikdən sonra Con Kennedi Kuba probleminin həlli yollarını axtarmaqda davam etdi. Baş prokuror Robert Kennedi Kastronu hakimiyyətdən kənarlaşdırmağı təklif etdi. 1961-ci ilin sonunda planlaşdırılmış “Manqust” əməliyyatı MKİ tərəfindən Birləşmiş Ştatlar prezidentinin adaya ABŞ qoşunları göndərilmədən Kastronu devirmək tələbinə cavab olaraq hazırlanıb. Kastronun öldürülməsinə qərar verilib. Lakin bunun üçün Kubadakı agentlərlə əlaqə qurulması və ya oraya öz insanlarının göndərilməsi tələb olunurdu. Bundan sonra MKİ agenti Kastroya yanaşaraq onu aradan götürməli idi. İdeya MKİ-nin Kubadakı agenti Uilyam Harvi tərəfindən verildi. Başlanğıc olaraq mafiya insanı Con Rozelli ilə anlaşmağa cəhd göstərilib. Harvi Mayamidə ona bir yük avtomobili dolusu silah və Rozellinin Kastronun qəhvəsinə atmalı olduğu zəhərləyici həblər verdi. Daha sonra digər agent Desmond Fittscerald bir sıra fantastik ideyalar irəli sürdü. İdeyaya əsasən, Kastronun akvalanqla endiyi körfəzin dərinliklərinə içərisi partlayıcı ilə dolu balıqqulağıları atmaq, Kuba siqarı formasında bombalar düzəltmək, Avropadan killer tutmaq, hətta Kastronun ölməyəcəyi halda belə saqqalının tökülərək həmvətənləri qarşısında alçalması üçün çəkmələrinə tallium duzu tökmək nəzərdə tutulurdu. Lakin “Manqust” əməliyyatı zamanı tətbiq edilən üsullardan heç biri işə yaramadı.
 
"Feniks" layihəsi
 

 
MKİ Vyetnamda hərbçilərlə əl-ələ hərəkət edib. Təşkilat fəaliyyətinin bir hissəsini partizanlarla mübarizəyə yönələn “Feniks” proqramı təşkil edirdi. Proqramın başında general Uilyam Uestmorlend dururdu, bilavasitə rəhbər isə MKİ-nin təcrübəli əməliyyatçısı Robert Komer idi. 1967-ci ildə proqram çərçivəsində Məxfi Araşdırmalar Mərkəzi təsis edilib. Burada ABŞ-lılar kommunistlərin müttəfiqlərinə işgəncə veriblər. Komer dəfələrlə rəhbərliyin iki budağın fəaliyyətini razılaşdırılmadığından  şikayət edirdi: MKİ direktoru Riçard Helms kommunistlərin tərəfində vuruşanların sayını dəqiq hesablamağı tələb edirdi, ordu rəhbərliyi isə azaldılmış rəqəmləri üstün tuturdu. Nəticədə Komer ordunun güdazına getdi, lakin gizlicə olaraq prezident Lindon Consonu ABŞ-lıların Vyetnamda qalib gələ bilməyəcəkləri barədə xəbərdar etdi. Nəticədə Vyetnam müharibəsinin başa çatdığı 1975-ci ilə qədər “Feniks” proqramı çərçivəsində təxminən 20 min vyetnamlı öldürüldü. Fotoda “Feniks” layihəsində işləyən MKİ-nin sonuncu vyetnamlı əməkdaşları və ailələrinin təxliyəsini görürsünüz: onlar qalacaqları təqdirdə aman verilməyəcəyini çox gözəl anlayırdılar.
 
"Kontras" əməliyyatı
 

 
1979-cu ildə Nikaraquada sol sandinistlər partiyası hakimiyyətə gəldi. ABŞ prezidenti Ronald Reyqan Nikaraquadan qitəyə kommunist ideyasının yayılmasından ehtiyatlanırdı. O, “kontras” qiyamçı hərəkatının ölkə hökumətini devirməsini istəyirdi. MKİ direktoru Uilyam Keysi kontrasa yardım üçün Argentina hökuməti ilə razılığa gəlib. MKİ cənubda Kosta-Rikadan və şimalda Hondurasdan hökumət qoşunlarına hücum edən qiyamçılara rəhbərlik edirdi. 1982-ci ilin əvvəlindən ABŞ-lı jurnalistlər Mərkəzi Amerikadakı hadisələrdə Ağ evin iştirakı haqqında açıq yazmağa başladılar. 1982 və 1984-cü illərdə ABŞ konqresi Birləşmiş Ştatların kontrasa yardım göstərməyə mane olmalı olan iki qanun qəbul edib. Lakin qanunvericilikdə hələ də ABŞ qiyamçılarına dəstək verməkdə davam etməyə imkan verən boşluqlar qalmaqda idi. Ən azından ən qatı kommunist əleyhdarları belə hesab edirdi. 
Sandinistaçılar (Anastasio Somosa rejimini 1979-cu ildə deviriblər) 1990-cı il (1979-1990-cı illərdə hakimiyyətdə oldular) seçkilərində məğlub oldular, lakin bir neçə ildən sonra Daniel Orteqa (Sandinistaçıların liderlərindən biri) yenidən Nikaraqua prezidenti oldu. O, bu vəzifəni hazırda da tutmaqdadır.  
 
Satqın dron
 

 
2011-ci il 11 sentyabr hadisələrindən sonra MKİ antiterror departamenti nəzərəçarpacaq dərəcədə gücləndirilib və əlavə maliyyə əldə edib. Maliyyə əlavəsi xüsusilə Əfqanıstan və Pakistandakı orduya yardım üçün nəzərdə tutulurdu. Lakin MKİ hərbçiləri və əməkdaşları bu ölkələrdə müxtəlif hədəflər güdürdülər.  2002-ci ilin fevralında Əfqanıstan sərhədi rayonunda baş verən hadisə bunu xüsusilə açıq birüzə verdi.  Radikal “Taliban” qruplaşmasının “daxili işlər naziri” Hayrulla Hayrhava eyni zamanda həm hərbçilərin, həm də MKİ əməkdaşlarının nəzər dairəsinə daxil oldu. Hərbçilər onu ələ keçirməyə çalışdıqları halda xüsusi xidmətlər onu gizlicə öz tərəflərinə çəkməyə cəhd göstərirdilər. MKİ planlarından xəbərdar olmayan hərbçilər xüsusi xidmət əməkdaşlarından hərbi dron vasitəsilə Hayrhavanı izləməkdə yardımçı olmalarını xahiş etdirlər. MKİ agentləri ordu nümayəndələrinə dron vasitəsilə çəkilişi təqdim etdilər. Lakin çəkilişdə yer alan Hayrhavanın yük avtomobili yox eyni rəngli, eyni markalı başqa avtomobil idi. Hərbçilər təqiblə məşğul olduqları bir zamanda MKİ agentləri Hayrhavanın maneəsiz Pakistan sərhədini keçməsinə şərait yaratdılar. Nəticədə hərbçilər avtomobili saxladıqları zaman “nazir” əvəzinə üç mülki kişi və bir uşaqla qarşılaşdılar. Onların hamısı kameralara salınıb və yalnız lazım olan insanların tutulmadığı anlaşıldıqdan sonra azadlığa buraxılıblar. Mülki şəxslər buraxılarkən üzrxahlıq qismində ərzaq payı verilib. Hayrhavanı isə MKİ əməkdaşlarının özləri saxlayıb: o, əməkdaşlıqdan tam imtina etdikdən sonra barəsində bir o qədər xoş olmayan məlumatların səsləndirildiyi Quantanamo həbsxanasına göndərilib.
 
Çiyələk sahələri və Penni leyn 
 

 
MKİ hələ “terror müharibəsi”nin başlanğıcında insanların məhkəmə olmadan həbsxanaya yerləşdirilməsinə dair lazımsız ittihamlardan yayınmaq məqsədilə terrorçular üçün məxfi həbsxana yaratmağı təklif edirdi. Quantanamodakı məxfi hərbi həbsxana məhz belə yarandı. Daha doğrusu orada hərbi həbsxana əvvəllər də var idi, indi isə onun daxilində başqası- “Çiyələk sahəsi” adlandırılan məxfi MKİ həbsxanası yerləşir. Heç kəs məhbusların həbs müddəti məhdudlaşdırmaq niyyətində olmayıb, bundan başqa dindirilmə zamanı psixoloji zorakılıqla yanaşı işgəncələrdən də istifadə edilib. İkili agent olmağa razılıq verənlər üçün həbsxananın digər hissəsi nəzərdə tutulub- səkkiz müasir kottec. Yerli sakinlər onu “The Beatles” daha bir mahnısının adı ilə Penni leyn adlandırıblar. 
 
Abbottabaddakı immunlaşdırma klinikası 
 

 
Barak Obama ABŞ prezidenti seçildikdən sonra MKİ Usama bin Ladenə qarşı “ov”a çıxdı. Bin Ladenin sığınacağını aşkarlamaq üçün MKİ dahiyanə plan hazırladı. İdarə əməkdaşları informatorları həkim Şakil Afridiyə yerli sakinlərə hepatit B-yə qarşı peyvənd vurulan səyyar klinikalar şəbəkəsi açmaq göstərişi verdilər. Peyvənd vurulan şəxslərin qanlarını daha sonra gizlicə bin Laden və yaxın əhatəsindəki insanların əldə olan DNK nümunələri ilə müqayisə ediblər. Afridi tapşırığın öhdəsindən uğurla gəlib və götürülmüş qan nümunələrini MKİ-yə ötürüb və buna görə 5,3 milyon rupi alıb. Bir neçə aydan sonra ABŞ “dəniz pişikləri” hücumla bin Ladenin sığınacağını ələ keçiriblər və Obama təntənəli surətdə əl-Qaidə liderinin öldürüldüyü barədə məlumat verib. Bir “amma” olmasaydı əməliyyatın dəqiqliyi ilə tam öyünmək olardı. Uzun müddət bu rayonu nəzarətdə saxlayan taliblər peyvəndləri qadağan edirdilər və bunun MKİ tərəfindən həyata keçirilən məxfi proqram olduğunu bəyan edirdilər. Əməliyyat detalları aşkara çıxdıqdan sonra yerli əhali peyvənd kabinetlərinin ABŞ xüsusi xidmətlərinin nəzarətində olduğunun həqiqiliyinə inanıb. Bir çoxları uşaqlara peyvənd vurulmasından imtina etdi, Afridi ilə əlaqəsi olmayan bir neçə klinika qəzəblənmiş kütlə tərəfindən dağıdıldı, klinika əməkdaşları isə yaralandı və ya öldürüldü. Həkim Afridin isə 2012-ci ildən özünün sözlərinə əsasən saxta ittihamlar səbəbindən Pakistandakı həbsxanada saxlanılır.
 
Əbdürəhman əl-Əvlakinin ölümü
 

 
Əbdürəhman əl-Əvlaki 1995-ci ildə ABŞ-ın Kolorado ştatının Denver şəhərində anadan olub. Nyu-Mexikoda anadan olan atası Əbdül ABŞ hökumətinin anti-islam siyasəti yürütdüyünü hesab edərək fəal surətdə buna qarşı çıxan imam olub. Əbdürəhmanın yeddi yaşı olanda atası ailəsini Yəmənə apardı. Əbdürəhmanın babası Naser orada kənd təsərrüfatı naziri işləyirdi. Onun anti-ABŞ çıxışları Yəməndə daha geniş vüsət aldı və nəticədə Əbdül əl-Əvlaki MKİ-nin “güllələnmə siyahısı”na daxil edildi. Onu 2011-ci ilin sentyabrında döyüş dronu vasitəsilə güllələdilər. Artıq 16 yaşı olan Əbdürəhman bütün ölkə üzrə atasını axtarıb. Cənubi Yəmənə gələrək atasının öldüyünü öyrənən gənc evə qayıdarkən yemək yemək üçün kafedə əyləşdiyi zaman raket hücumu qurbanı olub. Deyilənlərə əsasən, raket orada olmalı olan, lakin gəlməyən insanı öldürmək məqsədilə kafeyə buraxılıb. Raketin MKİ və ya Qərargah rəislərinin birləşmiş komitəsi aparatından buraxıldığı məlum deyil.  
"Regiontv" Elxan Levbəyli.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin