Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Qocalar narahat yatır gecələr". Yarım-yarpaq məqalə...

    Yaşasaydı bu gün 71-ci payızını yaşayacaqdı.  
     Bu yazı toz basmış xatirələrimdə capcanlı izi qalan və hələ də yoxluğunu qəbul etmədiyim   pedaqoq-şairimiz  Əbülfət İslamın 71-ci yaşına, dolayısıyla əbədiyaşar poeziyasına ərməğanımdır. 

  Onu tanımayanlara…

  Əbülfət müəllim həyatı boyunca doğulub boya-başa çatdığı Tovuz rayonda pedaqoq, metodist olaraq çalışdı. Savadlı, ədəb-ərkanlı adam idi.  Ürəyi ümman kimi geniş idi. Sanki sevda dəryası idi, içindəki insanlığı, sevgisi bitib-tükənməzdi. Ömrünü şagirdlərinə həsr etmişdi, barmağı təbaşirli olardı həmişə. Üstü-başı kitab qoxardı. Ürəyində ilhamı coşub-daşardı, dilində ahu-zarı. Allah imkansızlığın üzünü qara eləsin! Bütün qələm adamlarını maddi sıxıntı məngənəsi sıxa-sıxa öldürür, yoxsa şair-yazıçı dərd-ələmə boğulmaqdan ölməz, o qələmin köməyilə yaza-yaza, üzüb çıxar ömür sahilinə. Əbülfət müəllimi də, övladları, həyat yoldaşı, qohum-qonşuları, ən əsası şagirdləri qarşısında pedaqoji ustalığına rəğmən çəkdiyi maddi məhrumiyyətlərin vicdan əzabı, incindiyi kişilik qüruruna dözməməzlik qram-qram çürütdü. Bəli, öldürmədi, çürütdü. Onun qələmi, fəlsəfəsi ilə tanış olanlar bilir ki, əslində bütün beynəlxalq mükafatlara layiq mərtəbədə bir qələm sahibi idi. Amma yaşarkən yaşamağı unutdu. Bəzən qarşımızda dipdiri durardı, amma mənəvi ölümünün cismani cılızlığına elə bürünmüşdü ki, dağ boyda savadı, akademik təcrübəsi, pedaqoji ustalığı, dərin məna-məzmun dəyərlərinə sahib əsərləri, kitablarına rəğmən öz içindən yığıla-yığıla yumağa dönmüşdü. Ümum ictimaiyyətin sayğı və sevgi duyduğu insan idi. Amma özü-özündən xısınlanar, çəkinərdi. Hətta bəzən qələmdən utandığı anlarının şahidi olmuşdum. O dönəmlər Onun rəhbərlik etdiyi “Varislər” ədəbi məclisində aktiv gənc qələm sahiblərindən biri idim. Bu , mənə çağdaş ədəbiyyatımızda önəmli yer tutan, Tovuz ədəbi mühitinin aparıcı qüvvəsi olan İsa Cavadoğlu, Qədir Hümmət, Əbülfət İslam və digər şair-yazıçılarla ünsiyyətdə olmaq imkanı yaratmışdı. Əbülfət müəllim həddindən artıq ünsiyyətcil idi. Onunla hər mövzuda saatlarla elmi-, sosial-ictimai müzakirələr aparmaq mümkün idi.  Xasiyyətcə mehriban, qonaqpərvər, qayğıkeş, diqqətcil, həssas və küsəyən xüsusiyyətlərə sahib idi. Küsəndə də ürəyinin təmizliyindən tezcə də barışardı. Onun barışmazlığı şagirdlərinə müəllim olmağı tövsiyyə edəcək maddi mərtəbədə ola bilməməsində idi. Çünki birdən hansısa şagird və ya gənc müəllim evsizliyini, maşınsızlığını, daim ehtiyaclar dəyirmanında üyünməyini üzünə gəlsəydi, nə deyərdi axı ona?! Bu məhrumiyyətlərlə qələmə də, bizlərə də vəda dedi. Yaşasaydı çox öyüd alacağdıq. Yaşamadı, gələmdaşım Gülnar Səmanın təbirincə desəm, keçən zaman xatirələri daha təsirli etməklə məşğuldur. Elə mənim bu yarım-yarpaq məqaləm də o təsirin nümunəsidir.
 
   Məkanınız uçmaq (cənnət) olsun, Əbülfət müəllim! 

P.S. "Qocalar narahat yatır gecələr" deyirdin. İndi rahatsanmı, əmi?!  

      Rübabə SAHİB
       Jurnalist  
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin