Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan apreldə hərbi əməliyyatlara başlayır? - AÇIQLAMA

Qarabağ müharibəsinin hərbi mənada bitməsinə rəğmən, diplomatik manevrlər səngimir. Əksinə, suallar hər ötən gün bir az da artır. Rusiya- ABŞ münasibətləri Cənubi Qafqaza necə təsir edəcək? Ermənistandakı xaotik durum nə ilə nəticələnəcək? Azərbaycan yarımçıq qalan məsələlərini hansı formada həll edəcək? Oxşar suallar təkcə bizi yox, regionla maraqlanan hər kəsi düşündürür. Politoloqlar təhlillər aparır və müxtəlif iddialar səsləndirirlər.
 
"RiaTV.az"  xəbər verir ki, beynəlxalq münasibətlər üzrə türkiyəli mütəxəssis, ANKASAM Araşdırmalar Mərkəzinin eksperti Doğacan Başaran mövcud “düyün”lərlə bağlı “Sherg.az”ın suallarını cavablandırdı:
 
– Azərbaycanın qələbəsini necə qiymətləndirirsiniz?
 
– Azərbaycanın sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan müharibədəki zəfəri bir neçə cəhətdən xarakterikdir. Belə ki, bu uğurla Azərbaycan işğal altındakı torpaqlarını azad etdi və güclü, böyük dövlət olduğunu isbatladı. Ərazi bütövlüyünü təmin edən rəsmi Bakı beynəlxalq siyasətdə daha mühüm bir iştirakçıya çevrildi. Bu, regiondakı yeni vəziyyətdən də başa düşülür. Bildiyiniz kimi, regionda Rusiya ilə İranın nüfuzu təxminən bərabərləşdi və Türkiyə ilə Azərbaycan ön plana çıxdı. Bundan əlavə, rəsmi Moskva da bu durumu qəbul edərək Cənubi Qafqazda İrəvana olan dəstəyini azaltdı. Əvəzində Ankara və Bakı ilə əməkdaşlığa hazır olduğunu göstərdi. Beləliklə, Ankara və Bakının regiondakı təsir gücü koordinasiyalı oldu. İrəvan və Tehran geosiyasi cəhətdən müharibənin məğlub tərəflərinə çevrildilər. Moskva isə yeni vəziyyətə uyğunlaşaraq yaxın əhatəsində təsir gücünü qorumağa çalışır. Əsas məsələ odur ki, hazırkı status-kvo ilə Türkiyə və Azərbaycan bütün türk dünyasında, xüsusilə Cənubi Qafqazda aparıcı siyasi aktor oldu. Naxçıvan dəhlizinin açılması böyük siyasi nailiyyətdir. Nəticədə Türkiyə- Azərbaycan- Mərkəzi Asiya xəttindəki quru yol təsis edilmiş olur. Bu, türk dövlətlərinin inteqrasiyası üçün çox mühümdür. Əlbəttə, bu inteqrasiya prosesində iki qardaş ölkə yenə də ön planda olacaq.
 
– Bildiyiniz kimi, Qarabağdakı rus sülhməramlıları açıq-aydın tərəf tuturlar. Hətta onlar üçün şəhərcik tikilir. Belə bir vəziyyətdə biz nə etməliyik?
 
– Müharibədən sonra imzalanan müqavilə bir çox çəhətdən Azərbaycanın beynəlxalq mənafeyinə və milli maraqlarına uyğundur. Fəqət, rus sülhməramlılarının regiona qayıtması, rəsmi Bakı üçün narahatlıq mənbəyidir. Kremlin ənənəvi siyasətinin Ermənistanı dəstəkləməsindən ibarət olduğunu nəzərə alsaq, deməli, həqiqətən, sülhməramlılara güvənmək olmaz. Üstəgəl, Qarabağdakı erməni “dövlətində” yaşayanlara rus pasportlarının paylanmasına dair xəbərlər də narahatlıq yaradır. Rəsmi Moskvanın eyni həmləsinin Luqansk və Donetskdəki nəticəsi hər birimizə məlumdur. Ona görə də Azərbaycan situasiyaya soyuqqanlı yanaşmalı və hər prosesə hazırlıqlı olmalıdır. Buna baxmayaraq, eyni ssenarinin Qarabağda təkrarlanacağını düşünmürəm. Çünki Türkiyə Azərbaycanın ərazi bütövlüyünü öz ərazi bütövlüyünün təhlükəsizliyi kimi görür. Ona görə də Rusiyanın belə bir əməliyyatına icazə verməz. Həmçinin dünyadakı çoxqütblülüyü nəzərə alsaq, Rusiyanın Türkiyəyə ehtiyac duyduğu da məlumdur. Məncə, Kreml Qarabağdakı ermənilərə pasport paylayaraq orada vətəndaşları olduğu iddiasını təzyiq aləti kimi istifadə etmək niyyətindədir.
 
– Xankəndi, Xocalı və Əsgəranın taleyi ilə bağlı nə düşünürsünüz?
 
– 10 noyabr razılığına görə, Azərbaycan həmin əraziləri işğaldan azad etmiş hesab olunur. Həmçinin gələcəkdə bu torpaqlarda azərbaycanlılarla ermənilərin birlikdə yaşaya bilməsi təsdiq edilib. Əlbəttə, bu, iki tərəf arasında toqquşma ehtimalı yaradır. Amma türklər öz torpaqlarında yaşayan azlıqlara həmişə humanist yanaşıblar. Dinc erməni əhalisi sülh əleyhinə addım atmadığı müddət ərzində Azərbaycan hakimiyyətinin humanizmi ilə qarşılaşacaq.
 
– Bəs Zəngəzur?
 
– Təəssüf ki, Zəngəzurda vəziyyət bir az fərqlidir. Orada işğal davam edir. Zəngəzur coğrafi baxımdan, strateji cəhətdən mühüm yerdir. Belə ki, həmin rayon İran, Naxçıvan və Türkiyə arasında əlaqəni təmin edir. Həmçinin Naxçıvan dəhlizi ilə bağlı proseslərdə də Zəngəzur mühüm rol oynayır. Məlum razılıq sözügedən məsələdə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Lakin rəsmi Bakı məsələni diplomatik baxımdan həll etmək üçün səy göstərməlidir. Və göstərəcək. Hətta hərbi əməliyyatlar başlansa, Zəngəzurun azad edilməsi prioritet olmalıdır. Azərbaycan heç bir halda sülhü pozmuş sayılmayacaq.
 
– Ermənistan hakimiyyəti xeyli vaxtdır ki, erməni silahlılarının Qarabağdan çıxarılmasından danışır. Amma hələ real nəticə yoxdur…
 
 
 
– Dediyiniz kimi, Qarabağda hələ də separatçı qüvvələr var. Onların neytrallaşması zərurətdir. Bu nöqteyi- nəzərdən Azərbaycan ordusunun aprel ayında ciddi anti-terror əməliyyatına başlaması gözlənilir. Bu, Azərbaycanın öz torpaqlarını terrorçulardan “təmizləməsi” kimi başa düşülməlidir. Yəni hüquqi cəhətdən haqlı əməliyyat olacaq. Rəsmi Bakının lazımi addımları atacağına inanıram.
 
– Minalı ərazilərin xəritəsinin israrla bizə verilməməsi necə yozulmalıdır? Düşmənin niyyəti nədir?
 
– Minalı ərazilər narahatlıq doğuran məqamlar sırasındadır. Azərbaycan haqlı olaraq həmin ərazilərin minalardan təmizlənməsi üçün xəritəni tələb edir. Lakin İrəvan hakimiyyəti qeyri-adekvat cavab verməkdədir. Azərbaycanın düşmənə təzyiq göstərməkdən ötrü məsələni Avropa Birliyi və BMT səviyyəsində müzakirəyə çıxaracağı hiss edilir. Əlbəttə, bu, çox doğru qərardır. Belə ki, Ermənistanın beynəlxalq hüququ tapdalaması, işğalları, qətliamları beynəlxalq ictimaiyyətə düzgün formada çatdırılmalıdır. Bu mənada Azərbaycanın təsirli təbliğat aparması və diaspor fəaliyyətinə güc verməsi məqsədəuyğundur. Nəticədə siz beynəlxalq ictimaiyyətin haqlı mübarizənizi daha yaxşı tanımasına nail ola bilərsiniz.
 
– Hazırkı baş nazir Nikol Paşinyan son açıqlamalarında Azərbaycanla münasibətləri loyallaşdırmaq barədə danışsa da, müxalifətin revanş iddiaları məlumdur. Belə bir vəziyyətdə yeni savaşın başlanması ehtimalını necə qiymətləndirirsiniz?
 
– 10 noyabr razılığı Ermənistanı xaosa apardı. Ölkə gündəmi etirazlardan, çevriliş cəhdlərindən ibarətdir. Paşinyan müharibəni uduzan bir baş nazir kimi günahlandırılır, müxtəlif ittihamlara məruz qalır. Etirazlar çərçivəsində “Qarabağ klanı” kimi adlandırılan Robert Köçəryan və Serj Sarkisyan cütlüyü ön plana çıxır. Həmçinin müxalifətin ortaq namizədi və Rusiya ilə əlaqələri ilə tanınan Vazgen Manukyanı da unutmamalıyıq. Paşinyan devrilsə, adı çəkilən üç siyasətçidən birinin baş nazir olması ehtimalı böyükdür. Bu isə o deməkdir ki, hakimiyyət başına Rusiyaya yaxın bir adam keçəcək. Belə vəziyyət Qərbə yaxınlığına görə Paşinyanı cəzalandıran Putin administrasiyasının qərar dəyişikliyi ilə nəticələnə bilər. Beləliklə, Ermənistan cəsarətlənər. Deməyim odur ki, Ermənistanda hansısa iqtidar dəyişikliyindən sonra Qarabağda müharibənin yenidən başlanması mümkündür. Yəni Azərbaycan ordusu hər ssenariyə hazır olmalıdır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin