Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Bu çimərliklərə getməyin! - Həkimlərdən xəbərdarlıq və tövsiyələr

RiaTV.az                                                                                                          
İyunun 10-dan etibarən çimərlik mövsümünə start verilib. Ötən il pandemiya səbəbindən çimərlik mövsümündən yararlana bilməyən vətəndaşlar xüsusən həftə sonları Xəzər dənizinin sahilinə, çimərliklərə axın edirlər.
Lakin o da məlumdur ki, Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılır və bu da sonda Xəzər dənizinin çirklənməsinə səbəb olur. Bunun üçün aidiyyəti qurumlar davamlı olaraq çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılır, hansı çimərliyin suyunun normadan artıq çirkli olub-olmadığı araşdırılır.
Beləliklə, aparılan monitorinq və analizlərin nəticəsinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəricilərinin norma daxilində olduğu müəyyən edilib. Lakin Qaradağ rayonunda yerləşən Sahil zonası, Sabunçu rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çimərliklərində götürülən bakterioloji nümunələrin standartlara uyğun gəlmədiyi müəyyən olunub.
Mütəxəssislər qeyd edir ki, dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olmaması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin, infeksiyalarının yayılmasına səbəb ola bilir. Lakin hər il xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenə də vətəndaşların qadağan olunan çimərliklərə üz tutduğunu, hətta ailəsi və uşaqları ilə birgə gedib, istirahət etdiyinin şahidi oluruq.
İlham Bayramov 
Mövzu ilə bağlı tanınmış infeksionist-həkim İlham Bayramov “Yeni Müsavat”a danışıb: “Dəniz suyunu davamlı udduqda bir çox bakteriyalar bədənə daxil olur. Nəticədə mədə-bağırsaq xəstəlikləri yaranır. Bu bakteriyalar özünü bir neçə saatdan 3 günə qədər göstərə bilir. Bunun üçün xəbərdarlıq olunan sahillərə getməkdən yayınmaq lazımdır. Artıq bir neçə gündür ki, çimərlik mövsümü başlayıb. Yaxşı olardı ki, aidiyyəti qurumlar dəniz suyunun keyfiyyəti ilə bağlı monitorinqlər aparmağı tezləşdirsin, vətəndaşlar da doğru sahillərə istiqamətlənsin”.
Zülfüqar Yusifov
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov: “Hər il dəniz suyunun harada daha çox çirkli olduğu haqda xəbərdarlıqları eşidirik. Vətəndaşlar bu xəbərdarlıq və tövsiyələrə əməl etməlidir. Məlum olduğu kimi  dəniz suyunda çirklilik əmsalı yüksək olduqda infeksion xəstəliklərin sayı artır. Dəniz suyundakı bakteriyalar istənilən selikli qişalar yolu ilə, o cümlədən ağızdan, burundan orqanizmə keçir. Və yaxud dərisi zədələnmiş, yara və xora xəstəlikləri olan insanlara bu cür infeksiyaların keçməsi ehtimalı çox olur. Həmçinin düzgün üzmək şərtlərinə əməl etməyən adamların suyu udması nəticəsində mədə-bağırsaq problemlərin ortaya çıxması mümkündür. Beləliklə, dəniz suyunun çirkli olduğu yerlərə birmənalı şəkildə getməmək lazımdır. Bu, vətəndaşların fərdi məsuliyyət məsələsidir. Düşünürəm ki, ötən ildən bəri davam edən koronavirus kimi böyük bəla insanlara həddən artıq gigiyenik qaydalara əməl etməyə vadar etdi. İnsanlar artıq bu cür qaydalara daha çox riayət etməyə çalışır. Eləcə də dənizdə olarkən bütün gigiyenik qaydalara əməl etmək lazımdır”.
Bəs söhbət hansı gigiyenik qaydalar və tövsiyələrdən gedir?
Mütəxəssislər qeyd edir ki, isti günlərdə saat 11-dən 18-ə kimi çimərliyə getməkdən çəkinmək, ağartı məhsullarından istifadə etmək məsləhət görülür. Xüsusilə, ürək-damar xəstəliyindən əziyyət çəkənlər diqqətli olmalıdırlar. Valideynlər xüsusilə azyaşlı uşaqları Günəş şüalarından qorumalıdırlar. Çünki uşaqlar hətta 30 dərəcə istidə də günvurmaya məruz qala bilirlər. Qızmar Günəş altında 30-40 dəqiqə qalmaq günvurma üçün kifayətdir. Əgər ürəkbulanma, qızdırma, qusma müşahidə edilirsə, həkimə müraciət etmək lazımdır. İsti havada sinir sistemində baş verən dəyişiklik insanlarda tez yorulma, başağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalara da səbəb ola bilər.
Dənizdə çimməyin ideal vaxtı 10-15 dəqiqədir. Bu qədər vaxt orqanizmdə su-duz mübadiləsi prosesini işə salmağa yetərlidir. Dənizdə çimmə daha uzun sürərsə, bədənin soyuması və soyuqdəymə riski artır. Məsələ bundadır ki, duzlu su şirin suya nisbətən istini daha çox udur. Sağlamlıq üçün temperaturu 20-24 dərəcə olan suda çimmək faydalıdır. Temperatur dəyişmələri və sərin suda fiziki fəallığın artması talassoterapiyanın mütləq şərtidir. Lakin hər bir xəstəliyin müalicəsinə müəyyən temperaturlu dəniz suyu lazımdır. Artıq çəkidən əziyyət çəkənlərə mübadilə proseslərini stimullaşdıran sərin su tövsiyə olunur. İlıq su ürək yığılmaları ritmini yavaşıdır, isti su, əksinə, sürətləndirir. Unutmayın ki, temperaturu 24 dərəcədən çox olan dəniz suyunda zərərli mikroorqanizmlər sürətlə çoxalmağa başlayır.
Dənizdən çıxandan sonra suyun təsiri hələ təqribən 20-30 dəqiqə davam edir. Lakin orqanizmin hüceyrələri dənizdə üzmə zamanı çoxlu toksin ifraz edir və bu toksinlər yuyulmalıdır. Əgər dəridə xora və yaralar varsa, onda dəniz suyu aşındırıcı təsir göstərib dermatoz deyilən dəri xəstəliyi törədə bilər. Bundan əlavə, hər dəniz suyunun təmiz olması ilə öyünülə bilməz, qələbəlik şəhər çimərliklərində vəziyyət xüsusilə bərbaddır. Əgər saçlarınız boyalıdırsa, onları islatmamaq, yaxud dənizdən çıxandan dərhal sonra yumaq lazımdır. Dəniz duzu yalnız saç dibi yağlı olan insanlara kömək edir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin