Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda bələdiyyənin sabiq sədir müavini saxlanılıb

Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədir müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma aparılmışdır.

RiaTV.az  xəbər verir ki, Quba rayon Prokurorluğundan verilən məlumata görə, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq etmiş, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik etmişdir.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin