Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

30 il sonra Şəhidlər Xiyabanında qarşılaşdılar - Ağdamda tükürpədən olay

"Bu gün şəhidlərin anım günündə iştirak etmək üçün Ağdama gəlmişəm. Biz bu günü həm də Qələbə kimi qeyd edirik".
Bunu RiaTV.az-a açıqlamasında I Qarabağ müharibəsində döyüş yolu keçmiş əməkdar artist Cabir Abdullayev deyib.Məşhur xanəndə bildirib ki, xalqımızın qüruru, mənliyi özünə qayıtdı:
"Düzdür, şəhidlər vermişik, bizim üçün çox ağırdır. Onların qanı, canı bahasına biz torpaqlarımızı azad etdik. Amma biz artıq məğlub yox, qalib bir xalqıq. Bu, bizim üçün qürurvericidir. Bu gün xalqımızın 1 il bundan qabaq başlayan və bu gün də davam edən o birliyi həqiqətən də qələbəmizin əsasını təşkil edir. Qələbəni bu birliyimiz hesabına qazandıq. Başda Ali Baş Komandanımız olmaqla, Azərbaycanın igid, mərd oğullarının qəhrəmanlığı hesabına çox həsrətində olduğumuz bu qələbəni əldə etdik. Həqiqətən də bu, elə-belə bir hadisə deyil. 30 ildən artıq idi ki, biz bunu gözləyirdik. Şükür Allaha ki, bizə bu günü qismət etdi. Düzdür, şəhid verdik, ağır dərddir, böyük itkidir. Amma bir tərəfdən də şəhidsiz müharibə olmur, belə bir məsəl də var: "Su torpağa qarışarsa palçıq olar, qan torpağa qarışarsa Vətən olar".
Qələbəmiz xalqımızın birliyinin nəticəsidir. Birliyimiz sayəsində, başda Prezidentimiz olmaqla, ən sıravı insanına qədər hamı bir yumruq kimi birləşdi, həmrəy oldu, nəticədə qələbəni qazandıq. 
O vaxtı (I Qarabağ müharibəsi zamanı) sovetlər birliyindən ayrılmışdıq. Həmin vaxt tək Ağdamdan 6-7 minə yaxın şəhid çıxdı. Tanıdığım igid oğlanlarımız var idi ki, canı-qanı bahasına döyüşürdülər. İndi də o keçmiş döyüş yoldaşlarımdan həyatda olanlar var. Mən onların qəhrəmanlığını görmüşəm. Sadəcə bizim o vaxt sərkərdəmiz yox idi, nizam-intizam yox idi. Amma bu gün Azərbaycanın güclü, müasir Ordusu var, həm də ölkəmizin xalqı arxasınca aparan Ali Baş Komandanı var. Biz fəxr edirik ki, bizim belə Prezidentimiz var. O, xarici jurnalistlərin suallarını cavablandıranda mənim neçə dəfələrlə gözümdən qeyri-ixtiyari yaş gəlib. Bilirik ki, müharibə vaxtı böyük dövlətlər əslində bizə qarşı idilər. Bu qədər dövlətlərin qarşısına çıxıb, qabaqlarında dayanmaq, onlara cavab vermək böyük bir şücayət istəyirdi. Şükür Allaha ki, biz bu gün qalib bir xalqıq, xalqımızın qüruru, mənliyi özünə qayıtdı. Bundan da böyük heç nə ola bilməz.  Ağdamda Şəhidlər Xiyabanını ziyarət edərkən bir hadisə ilə qarşılaşdım. Deməli, mən vaxı ilə o şəhidin valideyinlərinin toyunu oxumuşam. Mən Şəhidlər Xiyabanını gəzərkən, bir şəhid anası mənə yaxınlaşdı. Ağlaya-ağlaya gözümün içinə baxıb dedi ki, "Cabir bəy, siz bizim toyumuzda oxumusunuz. Mənim ən böyük arzum o idi ki, Səxavətin də (şəhid övladının - red) toyunda oxuyasan. Bu qismət olmadı. Xahiş edirəm, gedək Səxavətin məzarı üzərində nə isə bir ifa edin". Dedim "Ana mənim üçün çox çətindir bunu etmək". Getdik o şəhidimizin məzarını da ziyarət etdim. Bu, həqiqətən də mənim üçün çox ağır idi". 
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin