Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə xüsusi saytın təqdimat mərasimi baş tutub

RiaTV.az
Gəncədə 8 oktyabr tarixində “nizamiganjavi.az” saytının təqdimatı baş tutub. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.
Mərasimdə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, icra başçısı Niyazi Bayramov, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Almaniyanın səfiri mərasimdə çıxışında qeyd edib ki, səfirlik tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi Həftəsi” elan olunub və bir neçə tədbir keçirilib. O, bu tədbirlərdə iştirakından məmnun olduğunu bildirib.
Daha sonra sayt qonaqlara təqdim olunub. O, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gəncə İş Adamları” İctimai Birliyi və AMEA Gəncə Regional Bölməsinin dəstəyi ilə “Netqraf Group” tərəfindən hazırlanıb.
Saytın “Haqqında” bölməsində şair barədə məlumatlar yerləşdirilib. Burada həmçinin “Xəmsə”, “Müdrik fikirlər”, “Xəbərlər” və sair bölmələr mövcuddur. “Xəmsə” bölməsində şairin əsərləri yerləşdirilib. Ən çox marağa səbəb olan “Virtual tarix – 360 dərəcə” bölməsi olub. Burada Nizami Gəncəvi Məqbərə Kompleksini, Gəncənin tarixi abidələrini, binalarını, muzey, park və xiyabanlarını virtual “ziyarət etmək” mümkündür.
Tədbirdə qeyd olunub ki, Gəncədə yaşayıb-yaratmasına baxmayaraq, Nizami Gəncəvinin “Xəmsə”si dünyada geniş şöhrət tapıb. “Nizamiganjavi.az” saytı dahi şairin yaradıcılığının təbliğ olunması və dünyada daha geniş tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin