Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Erkin Qədirliyə illərlə nifrət etmişəm..." - Nuridə Allahyarovadan etiraflar



Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sonxeber.az-ın qonağı olub.
 
Onunla səmimi müsahibəni oxuculara təqdim edirik:
 
- Özünüzü necə tanıtmaq istərdiniz?
 
- Əslində necə tanınmalıyamsa, eləyəm. Çünki çox fərqli biri deyiləm. Həyat tərzimdən də göründüyü kimi, fərqli heç nə yoxdur. Sadəcə işimizə görə bəzən daxilimizdə olan adamdan fərqli davranmalı oluruq. Mənim çalışdığım yerlər çox ciddi qurumlar olub: Dövlət Vergi Xidməti, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Bakı Dövlət Universiteti. Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışıram. Adları, tənzimləmə dairələri bəlkə də daxilimdəki yaradıcı ruhdan fərqli ampluadadır. Amma, işdən kənar həyatda, sosial şəbəkələrdə elə işimizlə bağlı insanlarla olan ünsiyyətimdə çalışıram maksimum rahat olum, rəsmiyyətdən maksimum dərəcədə uzaq olum.
Qısaca, özümü bir cümləylə yalnız belə ifadə edə bilərəm: bəzən yaradıcı ruhuyla avtomobil nəqliyyatı sektoru arasında təzad olduğu sanılan, amma harda olmağımdan asılı olmayaraq, heç vaxt ruhunu gizlətməyən biri.
 
- Nuridə xanım, gəlin, zaman çarxını geriyə, sizi qayğılardan uzaq tutan uşaq illərinədək çevirək. Uşaqlığınız harada keçib? Ümumiyyətlə, Nuridə necə uşaq olub?
 
- Baxmayaraq ki, yaxınlarım, doğmalarım əyalətdəndirlər, mən Bakı şəhərində dünyaya gəlib elə burada da böyümüşəm. Hər yay əyalətdə istirahət edən adi "sovet uşaqlarından" biri olmuşam. Rayon, kənd mənim üçün o qədər doğma anlayışlardır ki, məsələn, istirahət deyəndə mənim hələ də ağlıma xaricdə dincəlmək gəlmir, mən xarici səyahətə sadəcə səfər kimi baxıram. Çox imperativ bir ananın, həddən ziyadə liberal bir atanın övladı olduğum üçün formalaşmağımda hər iki amilin rolu var.
Məsələn yaşıdlarım mənim sözlərimdə bəlkə də öz uşaqlıqları ilə analogiya tapa bilərlər. Mənə yeniyetməykən qadağan olunan və izn verilən ədəbiyyat siyahısı vardı. Anamın məndən razı qalması üçün Viktor Hüqonun "Səfillər"ini oxuyurdum, amma yastığımın altında "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərini "gizlədirdim". (gülür) Yəni ruhumu da razı salmışam, valideynlərimi də. İkili bir həyat sürmüşəm, deyərdim.
 
- Uşaqlığınıza aid ən yadda qalan hadisə nə olub?
 
- Uşaqlığım elə dövrə düşüb ki, bu gün azadlığına qovuşan Qarabağla bağlı gərgin vəziyyət başlamışdı. Mən də sosial durumu yüksək olmayan ailənin uşağı olmuşam. Həmişə deyirəm ki, uşaqlığı o dönəmə təsadüf edənlər bir başqa olublar, o durumu iliyinə qədər yaşayıblar. Uşaqlığının travmalı keçməsi üçün məhdud imkanlı ailənin uşağı olmaq deyil, məhdud anlayışlı, dar düşüncəli valideynlərlə müşayət olunmaqdır şərt. Mənim travmalı uşaqlığım olmasa da, məhdudiyyətlər olub. Bizim nəsl Qarabağın I savaş dövrünü yaşamışdı, vətəndaş müharibəsinin bir addımlığında olan Azərbaycanı görmüşdü, övladı ilə tank önünə çıxan milli ruhu görmüşdü. Bizim nəslin uşaqları sıradan istəkləri, arzuları olan uşaqlar deyildilər. Mən uşaqlıqda hər istədiyimi ala bilməmişəm. Dövr çətin dövr idi. Maksimumunu etməyə çalışan valideynlərimizlə minimum şərait və imkanlar ziddiyyət təşkil edirdi. Mənim uşaqlıq dövrümdən yadımda qalan bütün hadisələrin bir "olmaz", bir az "yoxdur" payı vardı.
 
- Məktəb illəriniz necə keçib?
 
- Məktəb illəri həyatımda xatırlamaq istəmədiyim dövrdür. Səbəbi isə çox sadədir. Məktəbdə dərslərimi pis oxumaq üçün çabalayan, amma buna ixtiyarı olmayan uşaq olmuşam. Çünki "dörd" aldığıma görə çox böyük cəzalara məruz qala bilərdim (gülür). Adi "dörd" qiyməti mənim ailəmdə böyük problemə gətirib çıxara bilirdi. Sevdiyim fənləri və sevdiyim ixtisası seçmək mənim üçün sadəcə xəyal olub. Məsələn, hazırda humanitar sahədəyəm, amma illərlə Bakıda o zaman üçün ilklərdən olan Kimya-biologiya təməyüllü liseydə təhsil almışam, sevmədiyim dəqiq elmləri məcburən oxumuşam. Ona görə də məktəblə bağlı xatirələrim məcburiyyətdən başqa bir şey deyil. Tez-tez dərsdən qaçan, bəzən dəcəllik edən, arada "üç" almaq ixtiyarı olan uşaq olmadığım üçün xoş bir şey yadda qalmayıb.
 
Hətta indi kimsə deyəndə ki, məktəb illəri yadına düşüb darıxır, mən "belə bir şey mümkündür?!" deyə fikirləşirəm.
 
- Heç peşmansınız istədiklərinizi etmədiyinizə görə?
 
- Yaşamadıqlarıma görə peşmançılıq çəkməmişəm. Söhbət uşaqlıqdan gedirsə, mənim uşaqlıqda yaşamadıqlarım bu gün doğru yaşamağımın əsasıdır.
Azad ruhuma cızığından çıxma izni verilsəydi, bu gün çox anarxist biri olardım, o ruh məndə var. Çox sevinirəm ki, o zamanlar mənə məhdudiyyətlər qoyulub. Bəzən deyirlər ki, uşağı çox sıxmazlar, çox incitməzlər, çox üstünə getməzlər, mən isə əksini düşünürəm. Uşaqla təbii bir ünsiyyət mütləq olmalıdır. Mən hər nə qədər imperativ bir ananın övladı olsam da aramızda fərqli bir ünsiyyət mövcud idi. Biz saatlarla istənilən mövzudan danışa bilərdik. Daha çox mübahisə edirdik, amma 40 yaşlı bir qadınla 15 yaşlı yeniyetmənin həyata baxış bucaqları eyni olsa zatən anormallıq elə bu olar. Mənim anamla dünyaya baxış tərzimiz fərqli idi. Mən azadlığı iliyinə qədər yaşamağı, ruha seçim verməyin tərəfdarı idim, anam isə metodiki tapşırıqların və icrası zəruri göstərişlərin məcmuusunu təlqinlə məşğul idi. Bu gün saysız psixoloqlar çalışır uşaqlarla, valideynlər kifayət qədər liberallaşıb, loyallaşıb. Amma sanki indi uşaqların həm psixoloji durumları, həm də seçim pərakəndəlikləri onları daha problemli edir. Mən həmişə deyirəm ki, bizim dövrün uşaqlarının yolunu kütləvi azma şansı yox idi.
 
Bir haşiyə çıxım. Bəxtiyar Vahabzadənin Şəkidə görüşü idi. O zaman mənim beş yaşım vardı. Uşaqlar adətən xoruz-cücə şeiri əzbərləyər, anam mənə Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını əzbərlətmişdi anam. Bəxtiyar Vahabzadə axıra kimi dinlədi. O yaşda uşağın bir poemanı əzbərləməsinə təəccüb etdi. Və yavaşca anama doğru əyilərək "bu uşağı bu əzabı kim verib" deyə xeyli güldü. Bəlkə əziyyət idi 5 yaşında sözlərinin mahiyyətinə varılmadan o poemanı əzbərləmək, amma mən tələsən bu həyatımızda, mütaliyəyə belə vaxt tapa bilmədiyim bu günlərdə o zamanlar dahiləri əzbərlədiyim üçün heç də peşman deyiləm. Hətta deyərdim, sağ ol, ana!
 
- İxtisas seçiminə gələk. Necə oldu ki, məhz bu peşəni seçdiniz?
 
- Kiçik yaşlarımda ən böyük arzum rejissor olmaq idi. Həmişə özümə deyirdim ki, nə olmağından asılı olmayaraq, universitet dönəmi gələndə mütləq gedib gizlincə ixtisas qabiliyyət imtahanı verib rejissor olacağam. Amma olmadı. Mən yenə də humanitar sahəni seçdim. Əslində, mənim ixtisasımla indi çalışdığım sahənin də arasında çox böyük fərq var. Çünki mən
 
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin məzunuyam. İxtisasca diplomat olmalıykən, tamamilə başqa sahəyə - inzibati idarəçilik sahəsinə gəldim. Amma burda da ruhuma yer edə bildim-ictimaiyyətlə əlaqələr sahəsini-media ilə əlaqələri seçərək.
 
- Bəs ailəniz sizə dəstək oldumu?
 
- Ümumiyyətlə biz azərbaycan türklərinin ailə dəstəyi olmayan hər hansı bir işi olmur məncə. Bir əvvəlki suala da cavab olaraq bildirdim ki, fakültəm o dövr üçün Azərbaycan ali təhsil sistemində yenilik idi. Yeni bir faza idi. Hətta tələbə yoldaşlarımla belə bir zarafatımız vardı: "Fakültəmizi yaradıblar, dərsliklərə zaman qalmayıb". O zaman yalnız sovet ədəbiyyatı idi. Bizim əlimizdə elə bir tədris vəsaiti olmurdu. Anamın mənə dəstəyindən danışım. Bəlkə də, indiki dövrün gənclərinə gülməli gələcək. O zaman internetə çıxış üçün xüsusi internet-kafelər olurdu. Anam mənimlə birgə ora gedirdi, çünki elə məkanlarda oğlanlar daha çox əyləşirdi. Onlar ya oyun oynayır, ya tanışlıq qruplarına, "chat"lara girirdilər. İnternet-kafeyə anasıyla gedən ilk insanlardan olmuşam. Anam yanımda əyləşirdi, birlikdə saytlardan məlumat alırdıq. Beynəlxalq münasibətlər nəzəriyyəsi fənni üzrə Xroponyuka məxsus azərbaycan dilinə tərcümə edilən bir ədəbiyyat vardı. Mən ali məktəbdə də yaxşı oxuyurdum. Ancaq bu fənn sırf nəzəriyyə idi və dərs vəsaiti qismində də azərbaycan dilinə mexaniki tərcümə edilən yuxarıda bəhs etdiyim kitab. Hazırda millət vəkillərimizdən olan Erkin Qədirli imtahan götürürdü o zaman bizim qrupdan. Güc bəla ilə hazırlaşıb cavab verdim, amma həyatımda ilk "4"ümü ondana aldım. O qədər əsəbləşmişdim ki, Erkin müəllimə ziyan vura bilməzdim-cinayət məsuliyyəti daşıyacaqdım-mən də Xroponyukun dərs vəsaitini yandırdım (gülür). Təbii bunun üçün peşmanam. Uzun illər cənab Qədirliyə nifrət edirdim. Amma bəlkə də həyatımda ilk dəfə bir nəfər mənim özümə qoyduğum embarqoları dağıtdı.
 
- Bəs bu gün ən böyük dəstəkçiniz kimdir?
 
- Fikrimcə, insanın ruhu rahat olanda, hər anıyla barışanda çox şey özü-özlüyündə düzəlir. İki il əvvələ qədər özümə "niyə?" sualını çox verirdim. Etmədiklərin, geridə qoyduqların sənə geri dönmür. Bu, həyatın pozulmayan qanunudur. Həyat insana cəmi bir dəfə verilir. Təbii ki, Allahı qəbul edərək, Allahını tanıyaraq, insan özü ilə barışıq olarsa, yetərlidir. O zaman kimdənsə bir gözləntin qalmır. Mən də özümlə barışdığım gündən xüsusi dəstəyi heç kəsdən gözləmirəm, özümü də heç kimə dəstəkçi bilmirəm. Kiməsə hansısa formada vəsilə olmuşamsa bu hal özü də bir gedişatdır. O anın gətirdiyi durumdur. Heç kəsin mənə borclu hissinə razı ola bilmərəm, çünki özümü də heç kəsə borclu hiss etmirəm.
Mənim üçün iki-üç mərtəbəli evdə yaşamaq şərt deyil, kiçik, komfortlu bir evdə vicdan rahatlığıyla yaşamaq çox önəmlidir. Mənə görə, həyat yoldaşının verdiyi çörəyin şirinliyi önəmli deyil, o çörəyi birgə qazanmaqdan gələn xoşbəxtlik çox önəmlidir, əsas o neməti bölüşə bilməkdir, hislər bitdiyi anda bunu ifadə edə bilmək özgürlüyüdür. Qaçmamaqdır problemlərdən, istəklərini içində boğmamaqdır. Həyat paylaşmaq üçündür. Bir-birinə "dəstək" kredosu ilə zindanı yaşatmaq deyil.
 
- Nuridə xanım, yaxşı məqama toxundunuz. Bəs siz özünüz "ər çörəyi" yemisiniz?
 
- Mən ərimlə birgə çörək yemişəm, "ər çörəyi" yeməmişəm. Sonra yollarımızı ayırdıq, indi ən yaxın dostlarımdan biridir. Biz bütün mövzuları heç bir maneəsiz müzakirə edə bilirik Heç kəs bir-birini ittiham etmir. Heç kəs etdiyini bir-birinə xatırladıb əməl cədvəli tutmur.
 
Ümumiyyətlə, həyatımda dostla belə, yolumu ayıranda bunu sivil qaydada edirəm. Normal, həmişə münasibət saxlaya biləcəyimiz formada uzaqlaşıram. Bu nə sizin, nə də qarşı tərəfin günahı deyil. Sadəcə onun sizin həyatınızdakı missiyası bitib.
Bir şeydən çox xoşbəxtəm ki, həyatıma seçdiyim heç kəsdən peşman deyiləm. Hətta bəzən mənə elə gəlir ki, çalışdığım qurumların rəhbərləri məni seçərək işə götürməyiblər, mən onları seçib o işə razılıq vermişəm. Hərdən mənə zarafatla deyirlər: "Sənin ən çox işlədiyin yer Dövlət Avtomobil Nəqliyyat Xidmətidir. Yəqin, üzünə çox xoş baxırlar". Bəli, orada çox gözəl mühit yaradılıb. Məsələn, bu gün bura gəlmək üçün izn almamışam. Çünki çalışdığım rəhbər bu qədər səmimi formatda bir müsahibə üçün belə insana seçim azadlığını tanıyan rəhbərdir.
 
- Həyat yoldaşınızla yenidən bir araya gəlmək ehtimalı varmı?
 
- Yollar ayrılanda münasibətlər başqa müstəviyə keçir. Dostluq, həmkar, həmsöhbət. Mən müstəvilərin yerini dəyişmirəm. Geriyə də heç vaxt baxmıram. Çünki mənim üçün geridə ancaq pis xatirələr qala bilər. Ailə həyatım mənim üçün pis xatirələr olmayıb. Və onları geridə qoymamışam. Başqa bir müstəvidə yenə eyni yoldayıq.
 
- Sevgi müstəvisində sevdiyiniz şəxs varmı?
 
-Bu dünyada elə bir adam olmalıdır ki, qadın onda bir az dostunu görsün, bir az atasını, bir az rəqibini, saatlarla eyni mövzu haqqında fikir mübadiləsi apara biləcəyi bir adamı tapsın. Bu gün 39 yaşındayam. 39 yaş emosional sevgi yaşı deyil. 39 yaş müdriklik və etibarlılıq gözlədiyin bir yaşdır. Bu hisləri yaşayıram. Əgər onun adı sevgi müstəvisində sevgidirsə-sevirəm.
 
-Kifayət qədər göz önündə olan qadınsınız. Sizi qısqanır?
 
- Yox, heç vaxt qısqanmır. Yəqin, o, "sufiliyin daha yüksək mərhələsinə" məndən əvvəl çatıb. Heç kəs nəyisə qarşıdakından qorxduğu üçün etmir. Bütün xəyanətlər, arxadan vurulan zərbələr varsa, hardasa üzə çıxacaq. Bunu edənləri qınayırammı? Mən heç kəsi qınamıram. Hər kəs həyatına düşəni yaşayır. Çox ağır səslənə bilər, amma, müəyyən cinayətlər istisna olmaqla, hətta cinayətkarları da qınaya bilmirəm, çünki həmin an o insanın hansı psixoloji affect halında bunu etdiyini bilmirəm.
 
- Sizcə, kişilər daha çox yalan danışır, yoxsa qadınlar ?
 
- Qadın çox sıradan yalan danışa bilər: filan yerə getmədim, filan işi görmədim, filan paltarı bu qiymətə aldım. Qadının yalanları bəzən yersiz, mahiyyətsizdir. Kişi isə sənə hər gün yalan demir, onların belə bir xroniki vərdişi yoxdur. Amma deyəndə də elə yalan deyir ki, nəticədə bütün doğrularının üstündən xətt çəkə biləcək gücdə olur. Ümumiyyətlə yalan özü də insanların qarşılıqlı münasibətləri zamanı formalaşır. Qarşıdakı insan səninlə hər şeyi paylaşacaq rahatlıq dərəcəsindədirsə, o mühitdə yalan olmaz.
 
- Yalanı bağışlaya bilərsiniz?
 
- Həmin yalan həyatımda inandığım hər şeyi alt-üst edib, etibar hissimə şübhə toxumu səpəcəksə qarşıdakının həyatını zindan etməmək üçün bağışlamaram. Amma zərəri sadəcə mexanikidirsə keçə bilərəm.
 
- Kinlisiniz?
 
- Qətiyyən. Heç bilmirəm, o hiss necə olur. Dostlarım da bilir ki, kimləsə çox böyük dava edə bilərəm, on beş dəqiqə sonra isə özümü heç nə olmamış kimi aparıram. Bəlkə də, ən pis xasiyyətim budur. Hətta yaxın ətrafımın tez-tez işlətdikləri bir deyim var: "imkan ver dediklərini həzm edək" (gülür)
 
- Uşaqlıqda hər kəsin bir arzusu olur. Kimisi maşın almaq, kimisi hər hansı bir ixtisasa yiyələnmək, kimisi də milyonçu olmaq istəyir. Bəs Nuridə xanımın uşaqlıq arzusu nə olub ?
 
- Bu gün çatdığım nöqtədə dərk edirəm ki, böyük arzuları olmayan adam olmuşam. Həmişə anı yaşamışam. Bəlkə də, inanmayacaqsız, amma hər səhər oyanıram, günəşi, evdə saxladığım pişiyimi, yaxınlarımı görürəm. O anın xoşbəxtliyini yaşayıram. Yəni mənim arzularım bu qədər kiçikdir. Can sağlığı ilə yaxınlarımı yanımda görmək mənim üçün yetərli olub. Ancaq mənim də I Qarabağ savaşının getdiyi ölkənin paytaxtında böyüyən bir uşaq olaraq böyüdükcə daha ağır gələn Qarabağ ağrım olub. İl keçdikcə Qarabağı ancaq xəyal kimi hiss etmişik-arzu olmaqdan çıxıb. Bəlkə yeni nəsl bu hissi o qədər anlamaz dediyimiz anda mənim həmyaşıdlarımın uşaqlıq arzusunu yeni nəslin gəncləri reallaşdırıb. Qarabağın işğaldan azad olunmasına görə "siz axı nə bilirsiniz müharibə nədir" dediyim gənclərimizdən üzr istəyirəm".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin