Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Baxdım ki, bir xəstə gətiriblər, ayağı amputasiya olub, amma bir ayağı üstündə idi..."






Qarabağ uğrunda apardığımız haqlı döyüşlərdə bizim həkimlərimizin, tibb bacılarımızın da rolu danılmazdır. Müsahibimiz Radə Abbas da  uzun illər öncə Qarabağ uğrunda gedən döyüşlərdə  tibb bacısı olaraq fəaliyyət göstərib.

 Moderator.az hərbi tibb bacısı ilə müsahibə edib.

- Radə xanım, öncə istərdim hərbi tibb bacısı kimi fəaliyyətinizdən danışaq.. Necə oldu ki, döyüş bölgəsinə yollandınız?

- Müharibəyə yollanmaq təsadüfən olmadı, çünki 1988-ci ildə, hadisələr başlayanda mən həmin mitinqlərdə, həmin hadisələrin içində idim. Bu da mənə ailəmdən gəlirdi. Mənim anam ilk hadisələr başlayanda, Qafanda qadınlarımız təhqir olunanda infarkt oldu. 1992-ci ildə mən o vaxt Mustafa Topçubaşov adına Eksprimental Cərrahiyə İnstitunda işləyirdim. Təcili təxirə salınmaz cərrahiyyənin tibb bacısı idim. Vətənə xidmət gərəkirdi, təbii ki, burda da xidmət edirdik. Amma döyüş bölgəsinə heç kim getmirdi, gedə bilmirdi, ixtisaslı tibb bacıları çatışmırdı. O vaxt xəstəxananın baş həkimi Şakir Hacıyev çağırıb mənə dedi ki, hərbi tibb bacısı kimi döyüş bölgəsinə getmək istəyirsən? Dedim ki, əlbəttə. 18 mart 1992-ci il tarixindən mən artıq həyatımı hərbi ilə, müharibə ilə, döyüşlə bağladım.



- Hansı döyüş bölgələrində tibb bacısı çalışırdınız?

- Ağdam, Tərtər, Ağdərədə tibb bacısı işləyirdim. Yaralılarımızın xidmlətlərində dayandıq, qan verdik, ağrılarına, dərdlərinə şərik olduq. 2001-ci ildə də hərbi sahədən təxris olunmuşam.

- Döyüş bölgəsində bir tibb bacısının iş rejimi necə idi?

- Əslində həkimlik dediyin heç vaxt, heç yerdə rahat peşə deyil. Bəlkə də bütün ixtisasların ən çətinidir. Saatlarla ayaqüstə durmalısan, ölən hər xəstənlə ölməlisən, sağalan hər xəstənlə gülməlisən. Hər şeyə hazır idim. Mən ilk dəfə Ağdamda relslərin üstündə sanitar vaqonda xidmətə başlamışam. Biz həm mülki insanları, həm də əsgərlərimizi qəbul edirdik. 3-5 yaşında uşaqlarımızı gətirirdilər. Mərmi düşüb, üz-gözünü tanınmaz hala salmışdı.

- Sırf cəbhə bölgəsində fəaliyyət göstərirdiniz, yoxsa arxa cəbhədə?

- Mən Ağdamda bir saylı hərbi səhra cərrahiyyə hospitalında idim. Cəbhə bölgəsində ixtisaslı cərrahlar, ixtisaslı tibb bacıları olmurdu. Orda ümumi tibb bacıları olurdu. Çünki bir cərrah çoxsaylı batalyonlu əsgərlə bərabər tutulurdu. Bir cərrahın ölümü 100 əsgərin ölümünə bərabər idi. Bu baxımdan seçim var idi.


- Elə bir xəstəniz olubmu ki, uzun illər sonra onunla görüşmüsüz?

- Bəli, olub. Yaralı gətirdilər, biz də gecə saat 3-ə qədər işləmişdik. Səhər saat 8-in yarısı bir maşın sanki divara çırpılan kimi dayandı. O saat düşündüm ki, yaralı gəldi, qalxdım. Baxdım ki, bir xəstə gətiriblər, ayağı amputasiya olub, bir ayağı amma üstündə idi. Ağappaq, təzyiq sıfırda, buz kimi tərin içində. Bir də gördüm gözünü açdı, tam gözlərimin içinə baxdı, dedi ki, qoyma mən ölüm. Təsəvvür edirsiz, elə bil ki, mən də yuxudan, şokdan ayıldım. Onu biz yaşatdıq, o biri ayağı da kəsildi təbii ki. Uzun illər sonra o məni axtarıb tapdı. Biz görüşdük. O vaxt Eldəniz artıq evli idi. Mən həmişə deyirdim ki, Eldənizlə evlənən qadının qarşısında baş əyirəm. Bizim igidimizlə bizim bir xatunumuz evlənmişdi. 3 övladları var. Eldəniz yaxın zamanlarda rəhmətə getdi.. O qədər xəstələrim olurdu ki.. Deyirdilər ki, anamın tək övladıyam, nişanlı oğlanam, nə olar, məni sağalt..

- Bu qədər işlərin içində özünüzə vaxt ayırıb, ailə həyatı qura bildinizmi?


- Çox gec! Mənim 58 yaşım var, oğlumun 18 yaşı. Bəlkə də həyatımı unutmuşdum. Çətin olduğuna görə də ailə həyatım uzun sürmədi. Buna heç peşman da deyiləm..

- Radə xanım, bu gün artıq əsgərlərimiz torpaqlarımızı düşmən tapdağından azad edir. Siz necə, cəbhəyə getməyə təşəbbüs göstərmisizmi?

 - Bizim çevrəmizdə kim varsa- komandirim, keçmiş həkim yoldaşlarım, tibb bacı yoldaşlarım hamımız səfərbərliyə görə qeydiyyatdan keçmişik. Mən bu gün müharibədə, yenə əvvəlki xidmətimdə olmaq istəyirəm, gücüm də var, işləyə bilərəm. Biz hər həftə döyüşçülərimizin yanına gedirik, ordumuza yardımlar götürürük, ordumuzun ehtiyacı olmasa belə biz öz sevgimizi belə ifadə edirik. Əsgərlərimiz də bilsin ki, biz onların yanındayıq, onları çox sevirik, onlara arxayınıq. Həmçinin də cənab ali baş komandamıza.
Facebook-da paylaş