Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Gözlə Şuşam gələcəyəm, göz yaşını siləcəyəm!






30 ildən çoxdur ki, Azərbaycan torpağının 20 faizi Ermənistan tərəfindən zəbt olunub. Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında Ermənistan rəhbərliyinin hərbi cinayətkar olduğunu, bu işğalçı dövlətin beynəlxalq qanunlara riayət etmədiyini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üstündə qaldığını demişdir: “Dağlıq Qarabağ  Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. “Lakin dünya birliyi və ATƏT-in Minsk Qrupu həmsədrləri bu barbarlara qarşı həmişə dözümlü yanaşmışlar. Öz havadarlarından güc və yardım alan ermənilər, nəhayət, o qədər azğınlaşmışlar ki, erməni baş naziri N.Paşinyan Şuşada yallı getmiş, inaugurasiya keçirmiş, yeni müharibə və yeni ərazilər işğal etmək planlarını gizlətməmişlər. 
Prezident İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq etmişdir ki, Tovuz hadisələrindən sonra əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr, peşman olacaqlar. Tarixboyu türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək fikrində deyil. Sentyabrın 27-də səhər saatlarında işğalçı dövlət cəbhənin təmas xəttində mülki əhalinin yerləşdiyi ərazilərə qarşı hərbi təxribatlara başlayaraq mülki vətəndaşlarımızı hədəfə alıb. Ermənistanın növbəti, bu dəfə daha geniş təxribatına şanlı Azərbaycan Ordusu layiqli cavab verməyə başladı. Bu, xalqın dediyi kimi, Vətən və qurtuluş müharibəsidir. Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti sessiyasında Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” kimi yalan bəyanatına verdiyi cavab: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri bugün hər bir azərbaycanlının dillər əzbərinə çevrilmişdir. Azərbaycan xalqı vətənpərvərlik hissləri ilə yaşadığı bu günlərdə erməni əsgərləri kütləvi surətdə döyüş meydanlarından qaçırlar. Bu məqamda erməni tarixçisi Gevorq Aslanın hələ 1914-cü ildə “Ermənistan və ermənilər” kitabında yazdıqları yada düşməyə bilməz. O yazırdı: “Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də ermənilərdə vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir”. Özgə torpağını mənimsəyən tarixi olmayan bu tayfa haqqında öz şairləri Yedişe Çarensin dediklərini yada salmaq necə də yerinə düşərdi: “Biz ermənilərdə ikiüzlülük ana bətnində ikən yaranır. Ermənilər rus çarlarının təşəbbüsü və dəstəyi sayəsində Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövləti də “drevnyaya Armenia” adlandırmaqdan utanıb qızarmırlar”. Bu gün bir çox qərb dövlətləri işğalçı Ermənistana havadarlıq etsələr də, vaxtı ilə Amerika tarixçiləri Castin və Karolin Makkartilər tarixi həqiqəti gizlətməmiş və təsdiq etmişlər ki, “Müasir Ermənistan ərazisi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Məhz bu səbəbdən Ermənistan ərazisindəki coğrafi adların çoxu Azərbaycan mənşəli adlardır”.  
Ermənistanın siyasi-hərbi rəhbərliyinin işğalçılıq siyasətini davam etdirməsi Azərbaycan cəmiyyətində ciddi etirazlar doğurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalğına müraciətində demişdir: “Tarixi həqiqət bizim tərəfimizdədir. Bütün təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərlərinin bizim torpaqlarda nə işi var? Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Bi zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə barışmır və bütün vasitələrdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa çalışır. Azərbaycan öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcək, qüdrətli Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın işğaldan azad olunması üçün sona qədər mübarizə aparacaqdır. Bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavablar verir və sarsıdıcı zərbələr endirir. Qürur hissi ilə vurğulamaq lazımdır ki, ordumuzun şəxsi heyətində yüksək əhval-ruhiyyə və güclü döyüş əzmi vardır. Hər gün Ordumuzun mütəşəkkil döyüş hazırlığının, əsgərlərimizin çox yüksək vətənpərvərlik hissinin şahidi oluruq. 1992-ci ildən fərqli olaraq, bu gün Azərbaycan Ordusunun maddi-texniki bazası son dərəcə güclüdür. Fərəhləndirici haldır ki, hazırda Azərbaycan Silahlı Qüvvələri 50-yə yaxın kənd və bir sıra strateji yüksəklikləri düşməndən azad etmiş, Madagizdə Azərbaycan bayrağını qaldırmışdır.
Özgə torpaqlarında vuruşan mənfur ermənilər ağır itkilər verərək, onlara məxsus tank və digər texniki hərbi sursatları ataraq qaçmağa məcbur olurlar. Hərb meydanında məğlub olan düşmən mülki əhalini, obyektləri ağır artilleriyadan atəşə tutmaqla öz riyakar xislətlərini ortaya qoydular. Döyüş meydanından 100 kilometrdən çox məsafədə yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşeronu hədəf almaqla ermənilər çalışırlar ki, Azərbaycan onlara eynilə cavab versin və havadar dövlətləri bu münaqişəyə cəlb edə bilsinlər. Lakin onlar və havadarların öz çirkin niyyətlərində yanılırlar. Ermənistanın bu beynəlxalq hüquq normalarını pozmaları, qadağan olunmuş sursatlardan istifadə etmələri xalqımızı qorxuda bilməz, əksinə qətiyyətini və iradəsini daha da möhkəmləndirəcəkdir. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı Ermənistana dəstək verən, onu silahlandıran fövqəlgüclərə qarşı son dərəcə güclü və möhtəşəm birlik nümayiş etdirir. Azərbaycan xalqı bu dostqluqdan güc, qüvvət alır. Bu birlik zəfərin təmini, regionda sülhün təmininə töhfə və dünyaya örnəkdir. 
Qələbə günü yaxınlaşır. Bu Vətənin hər bir oğlu və qızı inanır ki, vaxt gələcək 30 ilə yaxın işğal altında qalan tarixi Azərbaycan torpaqları mənfur düşmən tapdağından azad ediləcək, Suqovuşan kimi, digər tarixi yer adlarımız da bərpa olunacaq, Qarabağımızın hər kəndində, şəhərində üçrəngli bayrağımız dalğalanacaqdır. Qarabağ Azərbaycandır!

Nigar İsmayılzadə,
BDU-nun Şərqşünaslıq fakültəsinin dosenti
Facebook-da paylaş