Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Ordumuzun qələbələrini ad günümə ən qiymətli hədiyyə hesab edirəm”


İbad Hüseynov: “Şuşanın, Laçının, Xankəndinin yaxın günlərdə azad olunacağına əlimin içi kimi əminəm”
“Düşmənin mülki sakinləri raket atəşinə tutması, onun son nəfəsdə belə xalqımıza maksimum ziyan vurmaq istəyindən irəli gəlir”


“Hərbi cinayətkarların heç biri yaxalarını cəzadan qurtara bilməyəcək”

 

Sabah Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Qarabağ müharibəsində öz igidliyi ilə ad çıxaran və sağlığında əfsanəviləşən İbad Hüseynovun ad günüdür.

 

Sabah 50 illik həyat yoluna yekun vuracaq Milli Qəhrəmanla söhbətimizdə  hazırkı hərbi əməliyyatlar, ordumuzun və xalqımızın döyüş əzmi, gözlənti və proqnozlarını müzakirə etməyə çalışdıq.

 

-İbad bəy, sabah 50 yaşınız tamam olur. Öncə bu münasibətlə sizi təbrik edirik. Həmçinin, öyrənmək istərdik ki, öz 50 illik yubileyinə Azərbaycan ordusunun ardıcıl qələbələri fonunda daxil olan İbad bəy hansı hislər keçirir? Əslində bütün bu qələbələri İbad bəy üçün ən qiymətli ad günü hədiyyəsi hesab etmək mümkündürmü?

 

-Mən döyüş əmri verilən gündən cəbhədəyəm. Hazırda sizinlə danışdığım hazırkı anlarda da cəbhədəyəm. Ordumuzun qələbələri, əldə etdiyi uğurlar məni son dərəcə sevindirir. Ordumuzun əldə etdiyi  bütün bu qələbələri, bütün bu zəfərləri ad günümə ən dəyərli hədiyyə hesab edirəm.

 

Baş verən hərbi əməliyyatlar zamanı ordumuzun sərgilədiyi əzm və şücayət göstərir ki, ordumuz 90-cı illərin ordusu deyil. Bu gün Azərbaycan mərkəzləşmiş, peşəkar orduya malikdir. Hansı ki, maddi-texniki baxımdan da olduqca güclü olan bu ordu vahid komandanlıq tərəfindən idarə edilir, bütün əmr və göstərişləri vaxtında, yüksək dəqiqliklə yerinə yetirməyə qadirdir. Ordumuz hər bir hərbi əməliyyatda nə qədər güclü, nə qədər yenilməz olduğunu göstərir. Ordumuz bu gün sözün həqiqi mənasında tarix yazır. Bu tarix ordumuzun, xalqımızın şərəf tarixidir. Bu, elə bir müqəddəs tarixdir ki, hətta min il sonra belə xalqımız, gələcək nəsillər bu tarixdən qürurrla, əzmlə bəhs edəcək, bu tarixi fəxrlə vərəqləyəcəklər.

 

-Bu gün ölkə başçısı Füzuli şəhərinin işğaldan azad edildiyini elan etdi. Bilmək istərdik ki, sizcə yaxın günlərdə Şuşa, Laçın, Xankəndi şəhərlərinin də düşməndən azad edilməsinə şahid ola biləcəyikmi?

 

-Mən buna əlimin içi kimi əminəm. Bizim ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldakı bütün torpaqlarımızı, o cümlədən Şuşanı, Laçını, Xankəndini işğaldan azad edəcək, Azərbaycanın üçrəngli bayrağını bu torpaqlarda dalğalandıracaq.

 

Ali Baş Komandanın xalqa hansı əhval-ruhiyyə, əzmlə mürtaciət etdiyini, düşmənə necə xəbərdarlıq etdiyinə hamımız şahidik. Mən öz hərbçi yoldaşlarımıza deyirəm ki, düşmən Ali Baş Komandanımızın əzəmətindən lərzəyə gələrək işğal etdikləri torpaqları qoyub qaçacaq. Ölkə başçısının çıxışları, səsləndirdiyi bəyanatlar hər birimizin ürəyindən xəbər verir. Bu çıxışlar bir daha göstərir ki, heç bir qüvvə Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz və zəfər şanlı Azərbaycan əsgərinindir.

 

-İbad bəy, Vətən müharibəsinin davam etdiyi hazırkı dönəmdə xalqımızın, vətəndaşlarımızın əhval-ruhiyyəsi, orduya dəstək və sevgisi haqqında nə deyə bilərsiniz? Bu gün baş verənləri ümumiləşdirərək demək mümkündürmü ki, hazırda Azərbaycanda xalq və ordu arasında tam bir bütünlük, ahəngdarlıq və həmrəylik mövcuddur?

 

-Tamamilə doğrudur. Bu gün Azərbaycan xalqının mübarizə əzmini, dəyanətini görəndə, buna şahidlik edəndə, gördüklərindən qürur duymaya bilmirsən. Xalqımızın mübarizə ruhu insana qürur verir, istər-istəməz iftixar hissi keçirirsən. Bu gün Azərbaycan xalqı orduya elə bir dəstək və sevgi nümayiş etdirir ki, dünyanın heç bir ölkəsində bu cür sevgi və dəstəyi müşahidə etmək mümkün deyil. Xalqımız bir nəfər kimi ordumuzun, Ali Baş Komandanımızın yanındadır. Bizim qələbəmizin, uğurlarımızın sirri də məhz bundadır. Və bu birlik bizə düşmən üzərində həlledici qələbə qazanmağa imkan verəcək.

 

-Hərb meydanında məğlub olan, silah-sursatını, hərbi texnikasını ataraq qaçmağa məcbur olan düşmən cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir kimi şəhərləri belə atəşə tutmaqda, dinc insanların qətlinə imza atmaqdadır. Bunu hərbi əməliyyatlarda məğlub olan, savaş meydanından qaçmağa məcbur olan  düşmənin qoxaqlığı, çarəsizliyi kimi dəyərləndirmək mümkündürmü?

 

-Təbii ki, bu, düşmənin qorxaqlığından, çarəsizliyindən, ümidsizliyindən, xəbisliyindən xəbər verir. Ermənistan yaxşı başa düşür ki, Azərbaycan ordusunun ölümcül zərbələri qarşısında davam gətirməyəcək. Son nəfəsini verdiyini, son günlərini yaşadığını yaxşı anlayan düşmən mülki insanlarımızı atəşə tutmaqla son nəfəsində belə bizə maksimum ziyan vurmağa çalışır. Lakin düşmən bilməlidir ki, bu kimi əməllərlə xalqımızın mübarizə əzmini qıra, onu sarsıda bilməyəcək. Əksinə, düşmənin bu kimi mənfur addımları bizi daha mübariz olmağa, onu tam zərərsizləşdirənə qədər öz mübarizəmizi davam etdirməyə daha çox sövq edir.

 

Düşmən bilməlidir ki, törətdiyi hərbi cinayətlərə görə hökmən cavab verməli olacaq. Əli Azərbaycan xalqının qanına batan hər kəs cəzadan yaxasını qurtara bilməyəcək.

 

Yaşasın Azərbaycan ordusu, Azərbaycan xalqı, Azərbaycan dövləti!

Facebook-da paylaş