Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Əsgərlərə pul köçürən Milli qəhrəmanın nəvəsi: “Babam əsir düşməmək üçün özünü partlatdı, nənəmi vəhşicəsinə öldürdülər”






Milli Qəhrəman Tofiq Hüseynovun adını daşıdığı 12 yaşlı nəvəsi qəpiklərlə yığdığı 103 manatı əsgərlərə göndərib. Bu xəbər günlərdir ölkə mətbuatının gündəminə çevrilib. 

Xocalıdan olan azyaşlı məcburi köçkünlə  müsahibə edib. 

Gəlin Tofiq Hüseynovu daha yaxından tanıyaq.

- Tofiq, kiçik yaşında atdığın böyük addımına görə səni artıq bütün Azərbaycan tanıyır. İstərdim özünü Moderator.Az tamaşaçılarına daha yaxından tanıdasan..

- Mənim babam Tofiq Hüseynov Xocalı soyqrımı zamanı qəhrəmancasına döyüşərək şəhid olub. Babamı və nənəmi görməmişəm, onlar haqqında ailəm həmişə mənə danışıb. Mən də özümə örnək götürdüm ki, gələcəkdə babam kimi igid bir vətəndaş olacam. Yaşıdlarım həmişə baba-nənə qucağına qaçanda mən paxıllıq çəkirdim. İnşallah mən də baba-nənə torpaqlarına gedib onların iyini həmin torpaqlardan alacam (ağlayır).



- Baba və nənəni görmədən belə onlar üçün göz yaşı tökürsən..

- Mənim babam dinc sakinlər və əsgərləri əsir düşməsin deyə özünü təhlükəyə atıb. Meşədə 11 erməni əsgəri onu əhatəyə alanda sonuncu əl qumbarasını sinəsinə sıxaraq özünü partladıb. Əvvəl babamın məzarı üstünə gedəndə çox pis olurdum, amma indi qürurla gedirəm, çünki ordumuz artıq şəhidlərimizin qisasını alır. Amma heyf ki, nənəmim məzarı yoxdur. Biz elə bilirdik ki, nənəm əsir düşüb, amma rus fotoqrafın çəkdiyi bir fotoda gördük ki, nənəm də vəhşicəsinə qətlə yetirilib. Bunu biz 19 ildən sonra bildik. Mənim atam Xocalıdan çıxanda 8 yaşı olub. O bəzi şeyləri xatırlayır, bizə danışır.

- Hərbi geyimdəsən, yəqin ki, bu gün düşünmədən əsgər də getmək istəyirsən..



- Bəli, getmək istəyirəm. Amma bilirəm ki, hərbi xidmətə getməyə yaşım çatmır. Mən istəyirəm ki, gedim heç olmasa əsgərlərimizə su, çörək daşıyım. Ən azından bunu bacara bilirəm.

- Necə qərara gəldin ki, özünə yığdığın pulu əsgərlərimizə göndərəsən?

- Mən bir neçə aydır ki, kassama 50 qəpiklik yığırdım. Şəkil çəkmək mənim xobbim olduğundan özümə fotoaparat almaq istəyirdim. 27 sentyabr bu hadisələr başlayanda fikirləşdim ki, kassam olmasa da olar. Mən də ordumuza dəstək aksiyasına qoşulmaq istədim. Düzdü bilirəm ki, 103 manat 50 qəpik azdır, amma düşündüm ki, yenə də 10 əsgərimizə əlcək alarlar ki, əlləri üşüməsin.

- Bildiyim qədərilə sən yeni Ramanıda, məcbur köçkünlər üçün salınan Şuşa şəhərciyində yaşayırsan. O əraziyə ən yaxın Asan Xidmət Koroğlu metrosunun yanındadır. Koroğlu metrosuna kiminlə getdin?

- Əsgərə məktub yazıb, kassamı götürüb məndən bir neçə yaş böyük olan qardaşımla Asan Xidmətə getdim. “Əsgərə məktub”-qutusuna məktubumu atıb, xidmət əməkdaşlarına yaxınlaşdım. Dedim ki, mən ordumuza dəstək aksiyasına qoşulmaq istəyirəm. Onlar gördü ki, mənim yaşım azdır, dedilər ki, bəlkə bu pulu özünə xərcləyəsən? Məni fikrimdən danışdırmaq istəyirdilər. Amma təkidlə “xeyr” dedim və daha  sonra 103 manatı ordumuzun hesabına göndəib, mənə qəbz verdilər. Təbii ki, ordumuz güclüdür, nəinki mənim, heç kimin puluna ehtiyacı yoxdur. Amma bu mənim ürəyimdən gəldi.

- Asan Xidmətə yollanarkən valideynlərinə deməmişdin?

- Mən nə gedəndə, nə də gələndə valideynlərimə demədim. Üstündən 2 gün keçəndən sonra anam mətbəxdə ödəniş qəbzini görüb təəccübləndi. Anam biləndə daha da çox sevindi və qürurlandı. Mənimlə bir daha fəxr etdi.

- Gələcəkdə hansı sənət sahibi olmaq istəyirsən?

- Mən hərbi pilot olub vətənimi hərbi hava qüvvələrindən müdafiə etmək istəyirəm.“Vətən namusdur, vətən şərəfdir, vətən qorunacaq, tək hədəfdir”..
Facebook-da paylaş