Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Rayonu işğaldan azad edilən deputat: “Kəlbəcər camaatından minlərlə zəng gəlir”



"27 sentyabrdan başlayaraq 44 gün müddətində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz yeni bir hərb tarixi yazdı".

Bunu Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, bu 44 gün ərzində hər gün bir neçə yaşayış məntəqəmiz düşməndən azad olundu: “Bu müddət ərzində 300-ə yaxın yaşayış məntəqəmiz, o cümlədən 4 rayonumuz, 4 qəsəbəmiz, Şuşa şəhərimiz, bir çox hərbi əhəmiyyətə malik strateji yüksəkliklər azad olundu. Bunlar görünməmiş qələbələr idi. Bilirsiniz ki, 30 ilə yaxın müddət ərzində Ermənistan ordusu istehkamlar düzəldirdi yeraltı keçidlər qururdu. Bütün bunları yarıb keçmək böyük bir qəhrəmanlıq idi və xalqımızın böyük sevincinə səbəb oldu. Mən bu sevinci bizə bəxş etdiyinə görə Ali Baş Komandanımıza, rəşadətli ordumuza dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çünki bizə tək torpaqlarımızı deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizi qaytardılar, məcburi köçkün adını üzərimizdən götürdülər”.
Deputat bildirib ki, Prezident İlham Əliyev həmişə səbr nümayiş etdirərək məsələni danışıqlar masasında həll etmək istəyirdi, amma qarşı tərəf hər zaman bəhanələr gətirərək danışıqlardan qaçır və öz ordusunu yenilməz hesab edirdi:
“Eyni zamanda ermənilərin törətdiyi qeyri-qanuni, beynəlxalq hüquqa zidd hərəkətlər və onların cəzasız qalması, hər hansı bir təzyiq göstərilməməsi onları daha da azğınlaşdırdı və nəinki məsələnin sülh yolu ilə həllinə gəlmək istəmədilər, yeni ərazi iddialarına düşdülər, böyük təxribatlar törətdilər. Bütün bunlardan sonra artıq qüdrətli Azərbaycan ordusu öz sözünü deməyə başladı. Çox şükürlər olsun ki, müzəffər ordumuz düşmənə lazımi dərs verdi və onlar dərk etdilər ki, Azərbaycan ordusunun qarşısında acizdilər və tab gətirə bilmirlər".
Deputat deyib ki, ermənilər dünya ictimaiyyətini aldatmağa, yalan məlumatlar verməyə, mülki əhalimizi, şəhərlərimizi atəşə tutmağa və xalqımız arasında qorxu yaratmağa çalışıblar:
"Bütün bunlar heç bir nəticə vermədi, əksinə olaraq, xalqımızın və ordumuzun döyüş əhval ruhiyyəsi daha da yüksəldi. Və nəhayət 10 noyabr tarixdə üçtərəfli bəyanatın imzalanması Ermənistanın kapitulyasiyasını təsdiq etdi və Azərbaycanın bütün şərtləri bu bəyanatda öz əksini tapdı. Bəli, bu gün Kəlbəcər rayonu tam boşaldılıb Azərbaycana təhvil verilib. 1 dekabr tarixinə qədər isə Laçın Azərbaycana qaytarılacaq. Bu, Azərbaycan xalqının tarixi qələbəsidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların ruhu qarşısında baş əyirik. Bir daha bu qələbəni bizə yaşatdığına görə Ali Baş Komandanımıza, ordumuza dərin təşəkkürümüzü bildiririk. Kəlbəcər camaatından minlərlə zəng gəlir, onlar öz minnətdarlıqlarını cənab Prezidentə çatdırmaq istəyirlər. 30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar”.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin