Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Erməni dedi ki, siz türklərin nağıllarını oxumamısınız, birdən ağ atlı oğlan gəlir və...”






Doğma yurdu Ağdam düşmən işğalından azad olunan Əməkdar incəsənət xadimi, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov öz xoş təəssüratlarını bölüşüb. 

O, Moderator.az-a açıqlamasında torpaqlarımızın işğaldan azad olunacağına həmişə inandığını bildirib:

“Sözün düzü, mən həmişə torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdım. Bir dəfə ermənilər Ağdamdan veriliş çəkmişdilər. Onlar Ağdamda vurulmuş erməni tankının üstündə rayonu necə almalarından danışırdılar. Orda jurnalist erməniyə sual verib dedi ki, “siz artıq Ağdamı aldınız və arxayın ola bilərsinizmi ki, neçə ildir bu torpaqlar sizdədir?” Həmin erməni döyüşçüsü cavabında dedi ki, “yox, arxayın ola bilmərik, siz azərbaycanlıların tarixini bilmirsiniz, nağıllarını oxumamısınız. Onlarda belə bir şey var ki, qəfildən ağ atlı dəli bir oğlan meydana çıxır və hamını xilas edir. Ona görə də onları hər an gözləmək olar”. Yəni bu gün həmin hadisə baş verdi və həmin o, ağ atlı oğlan olan Ali Baş Komandanımız meydana çıxaraq millətini xilas etdi”. 

M.Hətəmov bizim  torpaqlarımızı işğaldan azad etməyimizlə yanaşı, erməni terror təşkilatlarını  zərərsizləşdirdiyimizi də bildirdi:

“Bu gün biz təkcə Qarabağı azad etmirik. Ermənilər tərəfindən yaranmış fondlar, terror təşkilatları  erməni xalqının hissləri ilə oynayaraq onları həm gərgin vəziyyətdə saxlayır, onlardan böyük gəlir götürürdü. Bilirsiniz ki, həmin yardımların 60 faizdən çoxu oğurlanır. Bununla yanaşı, onlarda bir nifrət hissi köklədərək, həm özləri üçün gəlir sahəsi yaradırlar, həm də Azərbaycan torpaqlarına qarşı qənim kəsilmişdilər. Şükürlər olsun ki, cənab prezident onların bu arzusunu ürəklərində qoydu”. 

M.Hətəmov ermənilərin şəhərlərimizi dağıdaraq viran qoymasının dünya ictimaiyyətinə təqdim edilməsinin vacibliyini vurğulayıb:

“Bizim kənd Ağdamın Güllücə kəndi idi və ora da bir çox yerlərimiz kimi ermənilər tərəfindən dağıdılıb.  Bizim evimizi də yerlə-yeksan ediblər. Düşünürəm ki, aidiyyatı qurumlar bu işlə məşğul olacaq və ermənilərin torpaqlarımızda etdiyi talançılıq siyasətini dünyaya təqdim edəcəklər. Bununla yanaşı, kinomatoqrafçılar da bunu bir salnaməyə çevirməlidir. Hər abidə, kənd, təbii sərvətlər hamısı gələcək nəsil üçün kadrlara köçürülməlidir. Bundan sonra o yerlərimizdə modern bir şəhər salınmalıdır (inanıram ki, bu salınacaq) bu qalibiyyət bizim millətin yenidən yaranması deməkdir”.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin