Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Artıq Qarabağ digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir"






Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin müsahibəsini təqdim edirik:

- Məhərrəm müəllim, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzaladıqları atəşkəslə bağlı razılaşma bəyannaməsindən sonra bəzi sosial şəbəkə istifadəçiləri qeyri-ciddi və əsassız fikirləri ilə ictimai rəydə çaşqınlıq yaradırlar. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?

- Mən ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycan xalqını qazanılan böyük qələbəmiz münasibəti ilə təbrik edirəm. Bu zəfərin əldə edilməsində fədakarlıq göstərən bütün əsgər və zabitlərimizə fəaliyyətlərində uğurlar arzulayır, yaralanmış hərbçilərimizə şəfa, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə və onların ailələrinə, yaxınlarına Allahdan rəhmət diləyirəm. Onların hər biri Azərbaycanımızın fəxrləridir, biz onların və valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimizin xatirələri daim, tarixlər boyu hər bir azərbaycanlının qəlbində əziz olaraq tutulacaq.

Artıq kimsəyə sirr deyil ki, Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi uğrunda şücaətlər göstərdi və düşmənə sarsıdıcı zərbələr endirməklə onu sülhə, işğal edilmiş ərazilərin qaytarılması üzrə razılaşma bəyannaməsini imzalamağa məcbur etdi. İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özülüyündə bütün gerçəkləri ortaya qoyur və bu kontekstdən çıxış edərək, xüsusilə, qeyd etmək istərdim ki, sentyabrın 27-dən başlayaraq 44 gün davam edən müharibə dövründə bir çox ölkələr əks-hücum əməliyyatlarının dayandırılması üçün cənab Prezident İlham Əliyevə telefon zəngləri etdilər, münaqişənin danışıqlar yolu ilə siyasi müstəviyə keçməsini xahiş etdilər. Əlbəttə, Azərbaycan tərəfi bütün hallarda sülhün tərəfdarı olduğunu hər dəfə bəyan edib və son 27-28 ildə ATƏT-in Minsk qrupu çərçivəsində dəfələrlə danışıqlar masasına oturub, müəyyən şərtlərini irəli sürüb, hətta şərti razılaşmalar ətrafında da müzakirələr aparılıb. Lakin Ermənistan tərəfi istər əvvəlki hakimiyyətləri dövründə, istərsə də hazırkı hakimiyyəti vasitəsi ilə sülhə tərəfdar olmadıqlarını fəaliyyətləri ilə göstərdilər.

İyul ayından başlayaraq, dövlət sərhədlərimizdə silahlı təxribatların törədilməsi, üstəlik dinc əhalimizin atəşə məruz qoyulması, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha irəliyə gedərək, əlavə ərazilərimizi də zəbt edəcəkləri kimi bəyanatlar səsləndirmələri artıq onların məqsədlərini açıq-aşkar məlum edirdi. Bu məqsəd özünü sentyabrın 27-də Qarabağ cəbhəsində sübuta yetirdi. Nəticədə düşmənin işğalçılıq addımlarının cavabı çox sərt şəkildə verildi və demək olar ki, hər gün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz işğaldan azad olundu. İşğalçılar böyük itkilər verərək sadəcə silah-sursatlarını, hərbi texnikalarını atıb-qaçmağa çalışırdı ki, bu da Ermənistan ictimaiyyətində ciddi təlaşlar doğururdu. Erməni xalqı artıq anlayırdı ki, onların övladları boş yerə başqasına mənsub olan torpaqlarda döyüşür. Bu vəziyyət istər-istəməz düşmən ölkənin hərbi-siyasi dairələrinin vəziyyətlərini daha da ağırlaşdırırdı. O cümlədən, şanlı Silahlı Qüvvələrimizin qeyrət qalamız hesab edilən və milli-mədəniyət ocağımız kimi dəyərləndirilən Şuşa şəhərini düşmən işğalından azad etməsindən sonra onların hakimiyyətləri Qarabağ cəbhəsində daha ağır xaos yaşayacaqlarının fərqinə varmağa başladılar. Halbuki, cənab Ali Baş Komandan İlham Əliyev dəfələrlə istər xarici mətbuat vasitələrinə verdiyi müsahibələrində, istərsə də xalqa müraciətlərində düşmən tərəfə öz mesajlarını çatdırırdı. İşğal etdikləri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etmək tələbini irəli sürən dövlət başçımız müharibənin yalnız bu üsulla dayandırılması mümkünlüyünü vurğulayırdı. Nəticədə məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi sülhə məcbur edildi.

Qeyd edim ki, məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib.

Söz yox ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir. Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu. Onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövduluğunu qoruyub-saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.

Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prisnispləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır.

Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxətlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir.

- Cənab general-poklovnik, bir daha Türkiyə amilinə qayıtmaq istərdim. Qardaş ölkənin formalaşdırılan Monitorinq Mərkəzindəki iştirakı hansı nəticələri verəcək?

- Əlbəttə, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir və biz bunu əvvəllər də, münaqişənin ən qızğın vaxtında da gördük, bu gün də şahidi olmaqdayıq. Ümumiyyətlə, ölkələrimiz arasındakı hərbi-strateji əməkdaşlıq və o cümlədən, illərdən bəri formalaşan təməlli prinsiplər qardaş ölkənin bizə olan dəstəyini davamlı edir. Yaxın bir neçə gün ərzində Türkiyənin Milli Müdafiə Nazirliyinin və Baş Qərargahının rəhbərləri Ali Baş Komandan cənab İlham Əliyevlə görüşlər keçirdilər. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə cənab Prezident İlham Əliyevlə əlaqə saxladı, prosesləri yaxından izləyərək, daim qardaş dövlətin yanında olduğunu vurğuladı. Həmçinin, bugünlərdə Türkiyə Respublikasının Milli Müdafiə Naziri cənab Hulisi Akar Azərbaycanda səfərdə oldu və Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində əldə edilən qərarlar, qarşıda dayanan planlar dəqiqliklə müzakirə edildi. Bütün bunlar onu göstərir ki, Türkiyə dövləti bu gün də bizim yanımızdadır və qrafikə uyğun şəkildə işğaldan azad ediləcək digər ərazilərimizə nəzarət funksiyasını Rusiya ilə birlikdə həyata keçirəcəkdir.

- Məhərrəm müəllim, Azərbaycanın qələbə nəticəsində əldə etdiyi daha hansı uğurlar barədə danışa bilərdiniz?

- Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra əldə etdiyimiz daha bir zəfər faktoruna toxunmaq istərdim. Bilirsiniz ki, Naxçıvan uzun illərdir blokada şəraitində qalmışdı və bu, həmin bölgənin iqtisadi, ticari və s. maraqlarının qarşısını alırdı. Buna baxmayaraq, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq inkişaf edirdi, mübarizə aparırdı və naxçıvanlıların mübarizliyi, qətiyyəti sayəsində ölkəmizin ən gözəl diyarlarından birinə çevrilib.

Lakin təsəvvür etsək ki, Naxçıvan blokada şəraitində olmasaydı daha hansı uğurlara imza atardı, bax bu məsələdə deyərdim ki, əldə olunmuş sülh razılaşması qələbəmizin danılmaz qalibiyyət prinsiplərindən biridir. Çünki sənədə əsasən, artıq Azərbaycandan Naxçıvana Ermənistan ərazisi daxil olmaqla nəqliyyat dəhlizi açılır. Bu dəhlizin açılması muxtar respublikanı belə desək, “materik” Azərbaycanla birləşdirir. Məhz bu uğur yaxın gələcəkdə bütöv bir strateji əhəmiyyəti əhatə edəcək ki, bundan da əlbəttə ki, Azərbaycan xalqı yararlanacaq. Bir sözlə, qeyd etmək istərdim ki, sülh, yaxud atəşkəs sazişi bütün tərəflərdən ölkəmizin, xalqımızın səmərəsinə hesablanmış müddəalardan ibarətdir. Düşünürəm ki, qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək.

- Son olaraq, sonrakı proseslərdə vətənpərvərlik ruhunun təbliğini necə görürsünüz?

- Zəfər salnaməsi, işğaldan azad olunmuş ərazilərdə müzəffər Ordumuzun qəhrəmanlıq izləri gələcək nəsillərimiz üçün and yeri olacaq. Həmçinin həmin əraziləri ziyarət edərkən Silahlı Qüvvələrimizin şücaətini sübut edən reallıqlar, elementlər orada qalacaq və bu gün qələbəmizin canlı şahidləri olan uşaq və yeniyetmələr, eləcə də bütün yaş dövrlərini əhatə edən insanlarımız döyüşlərin baş verdiyi əraziləri öz gözləri ilə görüb, oraları açıq muzey kimi seyr edəcəklər. Bax, budur gələcəyə vətənpərvərlik ideyalarını aşılamaq siyasəti.

Bütün bunlar isə, qazanılan zəfərimizin başlıca məqsədləridir və Azərbaycan xalqı, Azərbaycan əsgəri və zabiti Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu şanlı qələbəni qazandı. Sözümü isə cənab Prezidentimizin təqribən bir il əvvəl bəyan etdiyi və hər kəsin dillər əzbəri olmuş “Qarabağ Azərbaycandır!” nidası ilə yekunlaşdırıram.(teleqraf.com)
Facebook-da paylaş