Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Heç kim Azərbaycanın haqq səsini, “SOS!” siqnalını eşitmək istəmir..."






Ötən gecə Gəncə sakinləri yenə də açıq terrorla, vandalizmlə, soyqırımla üz-üzə qaldılar. Tarixi paytaxtımız olan Gəncə şəhəri növbəti dəfə vəhşicəsinə bombalandı. Dinc vətəndaşlarımız həlak oldu. Ölənlər arasında körpələr də var. Müharibə zonasına heç bir aidiyyatı olmayan böyük bir şəhərin gecə saatlarında operativ-taktiki raketlə vurulması sıradan bir teror hadisəsi deyil. Bu açıq-aşkar dövlət terrorudur. Ermənistan bu hərəkəti ilə növbəti dəfə təkcə bizə yox, bütün dünyaya meydan oxudu və rəsmən terror dövləti olduğunu sübut etdi. 
Biz uzun zaman idi ki, Ermənistanın dövlət terrorizmi ilə məşğul olmasını bütün beynəlxalq təşkilatların diqqətinə çatdırmağa çalışırdıq. Lakin heç kim Azərbaycanın haqq səsini, “SOS!” siqnalını eşitmək istəmirdi. Budur, Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq üçüncü dəfə Gəncəni bu cür dağıdıcı şəkildə bombalamaqla öz terorçu mahiyyətini, vandal xarakterini ortaya qoydu və nə beynəlxalq hüquqla, nədəki ümumbəşəri dəyərlərlə hesablaşmadığını nümayişkaranə şəkildə göstərdi. 
Bu dəfə artıq BMT və ATƏT-in Minsk Qrupu Ermənistanın Gəncəyə raket atəşini pisləməklə, quru diplomatik bəyanat verməklə öz işlərini bitmiş, missiyalarını yerinə yetirmiş hesab edə bilməzlər. Onlar işğalçı Ermənistanın avantürist hərbi-siyasi rəhbərliyinin barbarlığını durdurmaq üçün təcili hərəkətə keçməli, Nikol Paşinyan, David Tonoyan və Zöhrab Mnasakanyan “üçlüy”ünün beynəlxalq hüquq normaları əsasında cəzalandırılması üçün siyasi iradə nümayiş etdirməlidirlər. Bu qədər vəhşiliklərə, ədalətsizliklərə məruz qalmış Azərbaycan xalqını sadəcə diplomatik terminlərdən ibarət bəyanatlar verməklə ovutmaq olmaz. 
Dünyada sülhün, ədalətin bərqərar olması üçün məsuliyyət daşıyan beynəlxalq təşkilatlar bu insanlıq cinayətinə, bu soyqırıma seyrçi qalmamalıdır. Onlar Azərbaycan xalqının acılarına, müsibətlərinə həssaslıqla yanaşmalıdırlar, valideynlərini itirmiş uşaqların, körpələrini itirmiş ata-anaların faciəsini öz faciələri kimi hiss etməli və Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin haqlı mövqeyinə anlayış göstərməlidirlər. Hər zaman terrora qarşı olduqlarını deyən beynəlxalq təşkilatlar və dünya liderləri indi Azərbaycanın yanında yer almalı, ölkəmizin apardığı antiterror əməliyyatına dəstək verməlidirlər. Biz dünyanın bütün sülhsevər qüvvələrini Ermənistanın faşist, terrorist əməllərinə son  qoyulması üçün antiterror birliyinin yaradılmasına çağırırıq! 
Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Facebook-da paylaş