Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Dünən havası təmiz gün yaşadıq - Zeytuna and olsun



Dünən havası təmiz gün yaşadıq - Zeytuna and olsun
“Pambığın kol olmağına baxmayın, oradan yıxılanda adam qol-qıçını sındırır”. Belə maraqlı yanaşması olan insanlarla bir kilometr yol getmək belə, adamın düşüncəsini zənginləşdirər. 



Hələ ki, yola çıxmağa hazırlaşırıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi, əziz həmkarımız İradə İbrahimova maraqlı səfərə gedəcəyimizi öncədən xatırlatmışdı. İlk dəfə deyil onların bu səpgili layihələrində iştirak edirik. Çox maraqlı alınır. “Jurnalist bağ”-ında əkdiyimiz ağaclar artıq böyüyüblər. Bəzilərimiz öncə elə bildi həmin ağacların görüşünə gedirik. Pambıq kolundan hadisə danışan nazir müavini Firdovsi Əliyev şirin söhbətlərindən marşrutumuzun Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınmış zeytun bağına irəliləyəcəyini eşidirik. Jurnalist olasan replika səsləndirməyəsən.



- Olmaya jurnalistlərə zeytun yığdıracaqsız?
- Gənc vaxtlarımda pambıq haqqında bilgim olmadığı halda mənə pambıq yığdıra bilirdilər, biz sizə zeytun yığdırmayaq? – Firdovsi Əliyevin cavabı.
- Olmaya acığınızı bizdən çıxırsız?- növbəti jurnalist reprikası.
- Allah eləməsin, ekoloqlar hava almazlar, hava verərlər. Necə ki, mən pambıq yığa-yığa onun haqqında xeyli bilgilərə nail oldum, eləcə də sizin də zeytun haqqında, saldığımız bağlar barəsində məlumata malik olmağınız hazırlayacağınız yazıların dadına çatar - bu da nazir müavinindən növbəti müdrik cavab.

Jurnalistləri bir araya toplamağın savab tərəfi və üstünlükləri var. Ümumiyyətlə başqa yerdə necədir, dəqiq bilmirəm, azərbaycan jurnalistləri kifayət qədər həmrəydirlər. Biz bir-birimizi görəndə elə sevinirik ki... 

Yol boyu xeyli məlumat mübadiləsi apardıq, müzakirələr açdıq. Bir-birimizə o dərəcədə aludə olduq ki, avtobusun bağa uzaq yolla getdiyinin fərqinə varmadıq.



Türklər demiş, iştə bu da zeytunluq. Bir haşiyə çıxım: tanınmış  qocaman jurnalist Hidayət Elvüsal danışır ki, onlar çoxdanıncı illərdə Türkiyəyə ekskursiyaya gediblər, üç gün ekskursovod onları “cənnətə” aparacağına söz verib. Nəhayət bir dərəyə çatıblar bələdçi təpənin başında dayanıb ətrafı göstərərək deyir: “İştə bu da “cənnət”. Həmkarımız azərbaycanlı jurnalist kimi replikasından qalmayıb “Siz cənnət bura deyirsiz? Azərbaycanda yediyin meyvənin toxumu əlindən yerə düşəndə bitir, gözünü açıb yumursan ki, ağac olur”- Hidayət müllimin fikridir.

Ədəbi yanaşsaq doğru deyilib. Əkin prosesi isə daha çox riyazi anlama söykənir. Zeytunluğun əhatəsində jurnalistlərlə söhbət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər müavini Rauf Hacıyevin sözlərindən, eşitdiyimiz gerçəklər bu işin əziyyətini gözlərimiz qarşında canlandırmağa imkan verirdi. Rauf müəllim təmsil etdiyi qurumun bu səpgidə layihələrindən söz açaraq, onu da vurğuladı ki, əkində və biçində bitkilərə humanist yanaşma da vacibdir. Bu yerdə bir replika – humanizm də ədəbiyyatın tərkib hissəsidir – demək istəyirdim ki, mənim də növbəm çatdı: əlimə səbət verib zeytun yığmağa yolladılar. 



Görüşdə nazirin digər müavini Vüqar Kərimov zeytunun tarixi, tərkibi, becərilməsi və istifadə qaydası barədə jurnalistlərə elə dolğun məlumat vermişdi ki, ağaclara yaxınlaşanda “Bir qalanın sirri” filmindəki səhnə fərqli obrazda gözlərimiz önündə canlandı: filmdə kitablar, bağda bərq vuran zeytun dənələri rəqs edirdi. Barına-bərəkətinə qurban, ölkəm.

Nə gözəl mənzərədir: Sayılıb seçilən jurnalistlər məhsul yığımında. Rəsul Mirhəşimli, Jalə Mütəllimova və mən ayrı-ayrı səbətlərə məsul olmağımıza baxmayaraq eyni ağacdan bar yığırdıq. Ağacları tez-tez dəyişsək də, hər birinin budaqlarına üç əl uzanırdı. Bizi söhbətdən Firdovsi müəllimin səsi ayırdı. “Barı yığanda o qədər yumuşaq təmas qurmaq lazımdır ki, yarpağı, budağı hətta saplağı incitməyəsən” – dedi və göstərdi cənab nazirin cənab müavini.



Bir sürpriz də yaşadıq, ani olaraq gördük ki, hörmətli nazirimiz Muxtar Babayev dı aramızdadır. Həmin dəqiqə işi saxladıq, Muxtar müəllimlə söhbət etməyə başladıq. Daha neynəyim, gördüm ki, həmkarlarım da bizim kimi işlərini buraxıb söhbətə qoşulacaqlar və  beləliklə də məhsullarımızın ağacda qalaraq, çürüyüb yerə düşmə etimalı var, dilləndim: “Cənab nazir, adətən orta məktəbdə belə olardı, tələbə dərsini bilməyəndə müəllimə ala dağdan, qara dağdan suallar verərdi ki, vaxt bitsin. Yazıq zeytunlar ağacda qalıb, içində azacıq məhsul olan səbətlərsə boynumuzda”. Nazirin cavabı maraqlı oldu... “Jurnalistlər yazmaqla məşqul olsalar yaxşıdır, bir də arada çay fasiləsini qaçırmasınlar. Gedək, samovar bizi gözləyir. Çay süfrəsi arxasında söhbətimizi davam edərik. Meyvələrin ağacda qalmağındansa narahatlıq keçirməyin, əməkdaşlarımız əziyyətlərinin bəhrəsinin bada getməsinə imkan verməzlər. Yığım prosesi nəyi necə tələb edirsə, elə də işlərini davam edəcəklər.”



Nə yığmışdıqsa təhvil verdik. Yığdıqlarımızı apara da bilərdik – zeytunun gəşəng turşusu olur. Bir az o pataş maddəsidir nədir, onunla düzğün rəftar etmək çətinliyi var. Bu baxımdan mənim kimi səbətsiz qayıdanlar da oldu. 

Çay süfrəsi arxasında apardığımız söhbətlər isə təbii ki, ekologiya, cəmiyyət, qida mövzusunda idi. 

Xeyli dərəcədə maarifləndik, xeyli dərəcədə dincəldik. Bir arada olduğumuza görə xeyli dərəcədə sevindik.



Kaş hər kəs öz havasına düşə bilsin. Biz həmin günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin jurnalistlər üçün yaratdığı və onların genetikasına uyğun gələn təmiz, bol oksigenli havaya düşdük. Yaxşı yazmaq üçün hər mənada təmiz oksigen qəbul etmək gerçəyini bəlkə də Hippokrat deyib artıq, o deməyibsə də, Zərdabi deyib. Onlara da bu həqiqət İbn Sinadan keçib yəqin...

Ən yaxşısı reportajı elə burda bitirməkdir. Bir neçə saat təmiz  havada qalan jurnalist belə getsə mütəfəkkirlərdən sitatlar gətirə-gətirə son nöqtəni qoya bilməyəcək. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin